Ağdaşda 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib

Ağdaşda 50 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib
# 04 aprel 2014 11:24 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) aprelin 4-də Ağdaş rayonunun Qaradağlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

APA”nın məlumatına görə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağdaş rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və orta həcmli istixana və bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Tədbirdə çıxış edən SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, cari ilin ötən dövrü ərzində 1 014 sahibkara 44,7 mln. manat güzəştli kredit verilib ki, bu kreditlərin reallaşdırılması 2 500-ə yaxın yeni iş yerlərinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 598 investisiya layihəsinin maliyyələşdirilməsinə 326 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilən kreditləri istifadə etməklə investisiya layihələrinin maliyyələşdirilməsi 29 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində Ağdaş və ətraf rayonlardan olan 50 sahibkara 1,3 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq və digər sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR