ABŞ-da qasırğa nəticəsində 7 nəfər ölüb

ABŞ-da qasırğa nəticəsində 7 nəfər ölüb
# 23 dekabr 2013 09:44 (UTC +04:00)

Bakı – APA. Amerika Birləşmiş Ştatlarının bir sıra ərazilərində baş vermiş qarlı çovğun və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, 4 nəfər Kentukki ştatında ağır hava şəraiti səbəbindən baş verən yol-nəqliyyat hadisəsi zamanı ölüb. Digər hadisə zamanı 5 nəfərin olduğu avtomobil çaya aşıb, üç nəfər ölüb, iki nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib. Eyni zamanda, Kentukki ştatında avtomobili dərəyə yuvarlanan sürücü ölüb. Daha bir ölümlə nəticələnən yol qəzası Kanzas ştatında qeydə alınıb.

Missisipi ştatı ərazisində qasırğa bir neçə yaşayış binasına zərər vurub, ağacları yıxıb, iki nəfərin ölümünə səbəb olub.

Corciya və Florida ştatlarında dekabrın 21 və 22-də güclü külək və tufanla müşayiət edilən şiddətli yağışlar yağıb. Bir sıra yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

İllinoys və Arkanzas ştatlarının bir sıra ərazilərində rekord səviyyədə yağıntılar müşahidə edilib. Ayova, Viskonsin, Miçiqan, Nebraska və Nyu-Mexiko ştatlarında isə güclü qar yağıb.

Nyu-York, Vermont və Men ştatlarında buzlama və elektrik xətlərin qırılması nəticəsində 100 minə qədər ev işıqsız qalıb. Nyu-York ştatının qubernatoru Endryu Kuomo isə buzlu yağışa görə fövqəladə vəziyyət rejimini elan edib.

Qeyri-adi hava şəraiti ABŞ-la həmsərhəd Kanada ərazisində də qeydə alınıb. Belə ki, Ontario vilayətində buzlu yağış və fırtına nəticəsində 350 min insan işıqsız qalıb. Yerli enerji şirkətinin hesablamalarına görə, havanın yaratdığı fəsadların aradan qaldırılması üçün ən azı üç sutka lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR