Bakıda «Azərsu» ASC və Asiya İnkişaf Bankının rəhbərliyi arasında görüş keçirilib

Bakıda «Azərsu» ASC və Asiya İnkişaf Bankının rəhbərliyi arasında görüş keçirilib
# 11 sentyabr 2013 14:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün «Azərsu» ASC-də Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (ADB) icraçı direktoru Antoni Beykerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov ADB-nin ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq Bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Cəmiyyətin sədri «Su təchizatı və kanalizasiya investisiya proqramı» çərçivəsində işlərin keyfiyyətli icrasının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.

ADB-nin icraçı direktoru Antoni Beyker «Su təchizatı və kanalizasiya xidmətləri Layihəsi»nin icrası ilə yaxından tanış olduğunu qeyd edərək bildirib ki, bu layihə tezliklə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

Görüşdə layihənin icra vəziyyəti və maliyyələşmə məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin ADB ilə birgə maliyyələşdirdiyi «Şəhər su təchizatı və kanalizasiya Layihəsi» və «Su təchizatı və kanalizasiya investisiya proqramı» çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqanda tikinti-quraşdırma işləri davam etdirilir. Ağcabədi və Balakəndə isə layihənin icrasına hazırlıq işləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR