Azərbaycan və QDİƏT əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edir

Azərbaycan və QDİƏT əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edir
# 19 fevral 2014 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkun ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT ilə əməkdaşlığa böyük əhəmiyyət verildiyini qeyd edib.

O bildirib ki, Azərbaycan həmçinin, Qara Dəniz Ticarət və İnkişaf Bankı və QDİƏT-in Biznes Şurası ilə uğurlu əməkdaşlıq edir, işçi qruplarda təmsil olunur. Ş.Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib, ölkədəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını bildirib.

Nazir Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırıb, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun enerji xəritəsini zənginləşdirdiyini, Xəzər dənizinin təbii ehtiyatlarının Avropaya nəqlinə şərait yaratdığını vurğulayıb, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın tranzit potensialını genişləndirəcəyini qeyd edib.

V.Tvirkun isə təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə QDİƏT ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR