Anatoli İsaykin: “Tehranın beynəlxalq məhkəməyə şikayət etməsi İranla Rusiya arasında gərginlik yaradır”

Anatoli İsaykin: “Tehranın beynəlxalq məhkəməyə şikayət etməsi İranla Rusiya arasında gərginlik yaradır”
# 27 yanvar 2014 16:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Rusiyanın S-300 PMU-1 zenit-raket komplekslərini İrana satmamasına görə Tehranın beynəlxalq məhkəməyə şikayət etməsi iki ölkə arasında gərginlik yaradır”.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Rusiyanın “Rosoboroneksport” şirkətinin baş direktoru Anatoli İsaykin deyib.

Onun sözlərinə görə, tərəflər arasında bununla bağlı imzalanmış müqavilə icra edilməyib: “Ona görə də İranın Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət etmək hüququ var. Ancaq məhkəmə münaqişələri xoşagəlməzdir. Çünki resursların hədər yerə getməsinə və vasitələrin məhvinə səbəb olur. Bundan əlavə, bu iş münasibətlərin gücləndirilməsi yolunda həmişə bir gərginlik elementinə və narahatedici amilə çevrilir. Halbuki birinci növbədə İran tərəfinin razı qalacağı bir anlaşma əldə edəcəyimizə qadir olduğumuza inanıram”.

A.İsaykin deyib ki, S-300 PMU-1 zenit-raket komplekslərinin eyni parametrlərə malik hava hücumundan müdafiə sistemləri ilə əvəzlənməsi barədə qərar qəbul edilərsə, bu sistemlər BMT Təhlükəsizlik Şurasının sanksiyalarına məruz qalmamalıdır: “Müxtəlif variantların nəzərdən keçirilməsi mümkündür. Ancaq bu variantlar yuxarıda qeyd olunan tələblərə cavab verməlidir”.

Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə S-300 PMU-1 zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd S-300 PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv edib. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR