VHP MNTK-nın sədri: “Sabir Rüstəmxanlının Samir Əsədlini partiyadan qovmaq fikri yoxdur”

VHP MNTK-nın sədri: “Sabir Rüstəmxanlının Samir Əsədlini partiyadan qovmaq fikri yoxdur”
# 06 noyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər müzakirə olunub və bəzi qərarlar qəbul edilib.

Qeyd edək ki, mətbuatda VHP Siyasi Şurasının iclasında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədiyi üçün partiyadan uzaqlaşdırılması ilə bağlı qərar veriləcəyi barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Samir Əsədli APA-ya açıqlamasında deyib ki, partiyadan uzaqlaşdırılacağı ilə bağlı məlumat həqiqəti əks etdirmir: “Hər həftə partiyanın Siyasi Şurasının iclası keçirilir. Bu gün keçirilən iclasda da ictimai-siyasi vəziyyət, partiyadaxili nizam-intizamın yüksəldilməsi və digər məsələlərlə bağlı qərar qəbul edildi. O ki qaldı yayılan məlumata, yalnız onu deyə bilərəm ki, partiyadan uzaqlaşdırılacağımla bağlı qərar veriləcəyini mətbuat özündən yazıb”.

VHP funksioneri partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) tərəfindən ona hər hansı xəbərdarlıq olmadığını da qeyd edib: “Mənə hər hansı xəbərdarlıq olunmayıb. Komissiyanın sədri Felmar Ələkbərovun fikirləri təhrif olunub. O, sözügedən mətbuat orqanı ilə mənim yanımda danışıb və elə bir fikir səsləndirməyib”.

MNTK sədri Felmar Ələkbərov da APA-ya açıqlamasında S.Əsədlinin fikirlərini təsdiq edib. O, yayılan məlumatın yanlış olduğunu vurğulayıb: “Deyilən sözü olduğu kimi yazmaq lazımdır. Mən dedim ki, özüm də daxil olmaqla, partiyada 6 nəfər Milli Şuranın üzvüdür. 20 min nəfərdən ola bilər ki, 6 nəfər hansısa təşkilata meylli, radikal olsun. Biz Cəmil Həsənlini bir alim kimi, prezidentliyə namizəd kimi dəstəkləmişik. Seçki qurtardı və partiya da partiyalığında qalıb. Sabir Rüstəmxanlı bizim rəhbərimizdir, Samir Əsədli isə onun yetişdirməsidir. Sabir Rüstəmxanlının Samir Əsədlini partiyadan qovmaq, çıxarmaq kimi fikri yoxdur. Yeri gələndə, tənqid edir ki, bunu belə eləmə, onu eləmə. Çünki onu Sabir Rüstəmxanlı yetişdirib və yetkin gənc edib. Jurnalistlər bilmirəm sözü niyə başqa cür yazırlar. Mən sözü olduğu kimi deyirəm. Partiyanın rəhbəri Sabir Rüstəmxanlıdır, mən ona və onun ideyasına görə bu partiyadayam. Cəmil Həsənlini partiyanın bütün üzvləri deyil, 6 nəfər Milli Şuranın üzvü kimi biz dəstəkləmişik. Samir elə bir iş görməyib ki, onu partiyadan çıxarsınlar. VHP və Milli Şuranın üzvü, bir vətəndaş kimi fikrini bildirib”.

F.Ələkbərov MNTK tərəfindən S.Əsədliyə xəbərdarlıq olunması barədə məlumata da münasibət bildirib. O, fikirlərinin təhrif olunduğunu iddia edib: “Sözü deyəndə təhrif edirlər. Samir Əsədliyə gördüyü işlərə görə, gündə 50 dəfə xəbərdarlıq edirlər. Samir Əsədli partiyaya gələndə xam uşaq idi, Sabir Rüstəmxanlı onu yetişdirib az qala siyasi xadimə çevirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR