Bakıda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın icrasına dair BMT-nin tövsiyələri müzakirə olunub - FOTO

Bakıda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın icrasına dair BMT-nin tövsiyələri müzakirə olunub - <span style="color: red;">FOTO
# 22 may 2014 10:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya dair Azərbaycan hökumətinin ilk hesabatına ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin birgə müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova edib. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 2008-ci ildə Azərbaycan tərəfindən qəbul olunmasını və Konvensiyanın icrası istiqamətində artıq müvafiq işlərin görülməsini ölkənin bu sahədə irəliyə doğru yeni mühüm addımı kimi dəyərləndirib. O, Konvensiyanın icrası ilə bağlı Azərbaycanın hesabatına dair BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələrinin də ciddi şəkildə nəzərdən keçirilərək, müvafiq tədbirlərin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda əlilliyin səviyyəsi digər ölkələrə nisbətən aşağı olduğunu deyib: “Hazırda Azərbaycan əhalisinin 5,6%-i, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizi belə şəxslərdən ibarətdir. Respublikada əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyaları, sosial müavinətlər və prezident təqaüdləri ödənilir. Əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, prezident təqaüdü alanların isə 52,2%-i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illərdə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılıb”.

S.Müslümov həmçinin “Sosial xidmət haqqında” Qanuna əsasən, evlərdə və sosial xidmət müəssisələrində ümumilikdə 3666 nəfər tənha əlilliyi olan şəxsə sosial xidmət göstərildiyini söyləyib: “Müvafiq qanunvericiliyə əsasən, əlillərin məşğulluğu üçün müəssisələrdə kvotalar nəzərdə tutulub. 2009-2013-cü illərdə məşğulluq mərkəzlərinə müraciət edən 2468 nəfər əlilliyi olan şəxsdən 1089 nəfəri işlə təmin olunub. Belə şəxslərdən 202 nəfəri peşə hazırlığı kurslarına, 60 nəfəri isə haqqı ödənilən ictimai işlərə cəlb olunub”.

İndiyədək dövlət hesabına 4300-dən çox əlilliyi olan şəxsə avtomobil, 5 000-ə yaxın əlilliyi olan şəxsə isə mənzil verildiyini, cari ildə bu prosesin daha da sürətləndirildiyini qeyd edən S.Müslümov hazırda ölkədə olan əlillərin 15 reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyini deyib: “Bu mərkəzlərdə hər il orta hesabla 8000 nəfər dövlət hesabına tibbi-sosial reabilitasiya olunur, 5000 nəfərə yaxın şəxs isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin edilir”.

S.Müslümov daha sonra nəzərə çatdırıb ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 2014-cü ilin 1-2 aprel tarixlərində Cenevrədə keçirilmiş 125-ci və 126-cı iclaslarında ölkəmizin bu sahədə gördüyü işlər barədə ilkin məruzəsi dinlənilib. Azərbaycanın Komitənin hesabatlar üzrə təlimatına uyğun hazırlanmış ilkin hesabatı Komitə tərəfindən məmnunluqla qarşılanıb. Nazir Azərbaycanın hesabatı ilə bağlı BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin əsas tövsiyələrini tədbir iştirakçılarının nəzərinə çatdırıb, Komitə tərəfindən verilən rəy və tövsiyələrin ölkəmiz tərəfindən diqqətlə nəzərdən keçirilərək aidiyyəti üzrə işlərin aparılacağını və əlilliyi olan şəxslərlə əlaqədar milli qanunvericiliyin daha da təkmilləşdiriləcəyini vurğulayıb.

Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, ayrı-ayrı dövlət qurumlarının, əlilliyi olan şəxslərin ictimai birliklərinin nümayəndələri öz fikirlərini ifadə ediblər. Dəyirmi masada BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin tövsiyələri geniş müzakirə olunub, təkliflər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR