Azərbaycanda Mərkəzləşmiş Kredit Reyestrinə müraciətlərin sayı kəskin artıb

 Azərbaycanda Mərkəzləşmiş Kredit Reyestrinə müraciətlərin sayı kəskin artıb
# 24 iyun 2013 11:48 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin mayın 1-i vəziyyətinə Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) 1 665 903 borcalan və 599 475 zamin haqqında məlumat toplanıb. «APA-Economics»in məlumatına görə, bu barədə MKR-in yanvar-aprel aylarının nəticələri ilə bağlı açıqladığı hesabatda bildirilir.

Bu ilin yanvar-aprel aylarında MKR-in xidmətlərindən 43 bank və 22 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. Dövr ərzində reyestrdə 626 630, o cümlədən banklar və BOKT-lar tərəfindən 625 136 sorğu həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı 2,8 dəfə artıb. Kredit tarixçəsi ilə maraqlanan ölkə vətəndaşlarının sayı da kəskin artıb. Bu ilin ilk 4 ayında 1 494 şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib (2012-ci ilin 4 ayında 589 nəfər olub).

Hesabat dövrünün sonuna MKR-də kredit məlumatlarının sayı 4 881 578 olub.

Xatırladaq ki, 2005-ci ildə fəaliyyətə başlayan MKR-ə 2005-ci ildə 319, 2006-cı ildə 5 302, 2007-ci ildə 12 966, 2008-ci ildə 13 260, 2009-cu ildə 74 393, 2010-cu ildə 257 045, 2011-ci ildə 503 163, 2012-ci ildə 1 026 730 sorğu göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR