Masallıda yol qəzasında iki nəfər ağır xəsarət alıb

Masallıda yol qəzasında iki nəfər ağır xəsarət alıb
# 06 may 2013 20:55 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Azərbaycanın Masallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə mayın 6-da saat 18.00 radələrində rayonun Qəriblər və Xəlifəli kəndlərini birləşdirən çınqıl yolda qeydə alınıb. Yanacaq daşıyan “QAZ-52” markalı, 85 BM 669 dövlət nömrə nişanlı yük maşını döngədə düzgün manevr edə bilməyən “VAZ-2107” markalı, 44 BN 127 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən “VAZ-2107” markalı avtomobil deformasiyaya uğramaqla onun sürücüsü, rayonun Şıxlar kənd sakini, 1975-ci il təvəllüdlü Azər Mirzə oğlu Mirzəyev və sərnişini, rayonun Qəriblər kənd sakini, 1981-ci il təvəllüdlü Saleh İsrafil oğlu Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunduqdan sonra hər iki yaralı xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. İlkin müayinə zamanı sürücüyə sağ bud sümüyünün sınığı, sərnişinə isə qapalı kəllə beyin travması diaqnozu qoyulub və hər ikisinə müvafiq tibbi yardım göstərilib. Bununla belə, S.Mehdiyevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR