Dövlət başçısı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub

Dövlət başçısı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub
# 05 sentyabr 2013 20:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub. APA-nın verdiyi xəbərə görə, Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına bildirib ki, xəstəxananın binası 1983-cü ildə inşa olunub. O vaxtdan binada əsaslı təmir aparılmamışdır. Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının yenidən qurulması üçün 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə 8 milyon manat ayrılıb. Ümumi ərazisi 5 hektar olan xəstəxananın yenidən qurulmasına 2012-ci ilin avqustunda başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Kompleksə cərrahiyyə, poliklinika, narkologiya, terapiya, yoluxucu xəstəliklər korpusları, inzibati bina və mətbəx daxildir. Xəstəxananın 13 şöbəsində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, klinik laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Xidmətdə fasilələr yaranmaması üçün 10 kilovoltluq transformator stansiyası və dizel generatoru quraşdırılıb. Yeni qazanxana, su anbarı, nasos stansiyası tikilib, avtomobil dayanacağı salınıb. Xəstəxanada çalışacaq 1900 tibb işçisinin 327-si həkim, 964-ü orta tibb işçisidir.

Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR