DİN-də ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib

DİN-də ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib
# 28 yanvar 2014 14:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçirilən kollegiya iclasında Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edib.

Kollegiyada hesabat məruzəsi ilə çıxış edən R. Usubov qeyd edib ki, ötən il nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınıb, habelə 2764 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 105 cinayət açılıb, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 121 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılıb, axtarılan 1264 şəxs müəyyən edilib.

Kollegiyada çıxış edən Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hüquqi islahatların, böyük infrastruktur layihələrinin və sosial proqramların uğurla həyata keçirildiyini xatırladıb, respublikada gedən geniş quruculuq, inkişaf proseslərində mühüm amillərdən olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu, eyni zamanda, aidiyyəti Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin lazımi səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, asayişin qorunması sahəsində bir sıra uğurlar əldə edildiyini vurğulayıb.

İclasa yekun vuran R. Usubov cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulayıb, bəzi konkret tapşırıq və tövsiyələrini verib.

Nazir eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR