Ağdam Çörək Muzeyinin bərpası təklif olunur

Ağdam Çörək Muzeyinin bərpası təklif olunur
# 05 may 2014 16:52 (UTC +04:00)

Bakı - APA. Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıb.

Fonddan APA-ya verilən məlumata görə, müraciətdə 18 may - Beynəlxalq Muzeylər günü ərəfəsində 1983-cü ildən fəaliyyət göstərmiş, bütün dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Ağdam Çörək Muzeyinin bərpasına kömək edilməsi təklif olunur.

Qeyd edilir ki, 2004-cü ildən fəaliyyətə başlayan SAMF müvafiq fəaliyyət dairəsi ilə paralel olaraq ölkəmizin bir nömrəli problemi olan Qarabağ müharibəsi nəticəsində işğal altındakı maddi-mədəni irsimizin araşdırılması, qədim abidələrimizin tədqiq edilməsi, o cümlədən ölkəmizə və xalqımızın tarixinə dəymiş maddi-mənəvi zərərin miqyasının araşdırılması, hesablanması, əldə olunmuş real fakt və rəqəmlərin yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir neçə layihənin həyata keçirilməsinə nail olub. Belə layihələrdən biri də işğal altında olan Qarabağ muzeyləri ilə bağlıdır.

Müraciətdə həmçinin qeyd edilir ki, 1983-cü ildən fəaliyyət göstərən Ağdam Çörək Muzeyi ilə bağlı fondun əməkdaşı Vüqar Tofiqlinin müəllifliyi ilə əlahiddə olaraq geniş məzmunlu tədqiqat işləri aparılıb. Ötən il isə dünyada ikinci olan muzeyin fəaliyyətə başlamasının 30 illiyi tamam olub. SAMF əməkdaşlarının layihələr çərçivəsində apardıqları çoxsaylı araşdırmalar zamanı məhz bu muzeylə bağlı əldə edilmiş iyirmidən artıq eksponat fondun arxivində saxlanılır: “Vaxtilə məhz Ağdamda fəaliyyət göstərmiş, dünyada ikinci Çörək Muzeyinin indi rayonun işğal altında olmayan ərazisində bərpasının böyük əhəmiyyəti var. Keçmiş SSRİ məkanında bu statusda birinci olan muzeyin bərpası gənclərdə çörəyə və halallığa olan münasibətin kökündən dəyişməsinə səbəb ola bilər. Bu ruhda böyüyən gəncin sabah vətən sevgisi də yetərincə olacaqdır. Əldə etdiyimiz eksponatları isə fəaliyyəti bərpa olunacaq muzeyə təmənnasız təqdim etməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR