“Qazprom” Ukraynaya tətbiq etdiyi endirimi ləğv edib

“Qazprom” Ukraynaya tətbiq etdiyi endirimi ləğv edib
# 04 mart 2014 11:48 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un rəhbəri Aleksey Miller baş nazir Dmitri Medvedevlə görüşündə deyib. O bildirib ki, ukraynalı tərəfdaşlar razılaşmaları yerinə yetirmir, borc 1,549 milyard dollara çatıb, bu səbəblə holdinq gələn ayın əvvəlindən mövcud endirimləri uzatmamağı qərara alıb.

D. Medvedev bu qərarın çox düzgün olduğunu söyləyib. O qeyd edib ki, “Qazprom” Ukraynanın öz borcunu tam ödəməsini təmin etməlidir.

Qeyd edək ki, 2013-cü ildə “Qazprom”un Ukraynadakı tərəfdaşı “Naftoqaz Ukrainı” şirkəti Rusiyadan min kubmetri 400 dollardan 13 milyard kubmetrə yaxın qaz alıb. Ötən ilin dekabrında (Ukrayna Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etdikdən sonra) Rusiya Ukraynaya endirim tətbiq edib və 2014-cü il üçün qazın qiyməti 268,5 dollar həcmində müəyyənləşdirilib. Eyni zamanda qərara alınıb ki, 2013-cü ilə olan 2,634 milyard dollar həcmində borc 2014-cü il yanvarın 25-nə qədər ödənsin. Lakin “Naftoqaz” fevralın 14-nə qədər 1,28 milyard dollar ödəyə bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR