Dmitri Roqozin: “Rusiya İrana zenit-raket kompleksi əvəzinə, alternativ sistemlər verə bilər”

Dmitri Roqozin: “Rusiya İrana zenit-raket kompleksi əvəzinə, alternativ sistemlər verə bilər”
# 31 avqust 2013 13:16 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Rusiya İrana “S-300” PMU-1 zenit-raket kompleksi əvəzinə, alternativ hərbi hava hücumundan müdafiə sistemi vermək üçün öz şərtini açıqlayıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Rusiya baş nazirinin müavini Dmitri Raqozin bildirib ki, bunun üçün İran beynəlxalq məhkəmədə Rusiya əleyhinə qaldırdığı iddiasını geri götürməlidir: “Əgər İran belə bir addım atarsa, Rusiya “S-300” PMU-1 zenit-raket kompleksi ətrafında iki ölkə arasında yaranmış problemin aradan qaldırılması və oxşar sistemlərin bu ölkəyə çatdırılması üçün danışıqlara başlamağa hazırdır”.

Onun sözlərinə görə, Rusiya İranla bu ölkəyə satışına icazə verilmiş hərbi avadanlıqların siyahısı çərçivəsində əməkdaşlıq edəcək: “Çünki rəsmi Moskva beynəlxalq qaydalara, yəni BMT-nin İrana qarşı sanksiyalarına əməl edir və bu siyahıdan kənara çıxa bilməz. Rusiya həmin çərçivədə İranla hərbi əməkdaşlığa hazırdır. Ancaq bunun üçün İran Rusiyaya əleyhinə şikayətini geri götürməlidir”.

Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə “S-300” zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd “S-300” PMU-1 zenit-raket kompleksi satmalıydı. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv etdi. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR