Azərbaycanda ərzaq mallarının satışına dair tələblər müəyyənləşib

Azərbaycanda ərzaq mallarının satışına dair tələblər müəyyənləşib
# 30 aprel 2014 07:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ərzaq bazarlarında qeyri-sənaye üsulu ilə hazırlanmış yeyinti məhsulları müəyyən olunmuş qaydada və nümunədə baytarlıq-sanitariya ekspertizasından keçirilməsi haqqında şəhadətnamə, uyğunluq sertifikatı, həmçinin topdan və pərakəndə satış ticarət şəbəkələrində bitki və bitkiçilik məhsullarının müəyyən olunmuş qaydada və nümunədə karantin ekspertizasından və toksikoloji müayinədən keçirilməsi haqqında şəhadətnamə və rəy alındıqdan sonra satıla bilər.

APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda əksini tapıb.

Ərzaq (yeyinti) mallarının satışı zamanı istehlakçılara qida məhsullarının tərkibinə daxil olan inqrediyentlər, qida əlavələri, qida dəyərliliyi (kaloriliyi, zülalın, yağın, karbohidratların, vitaminlərin, makro və mikro elementlərin miqdarı) çəkisi, yaxud həcmi, təyinatı və tətbiqi sahəsi (uşaq yeməkləri, diyetik yeməklər və bioloji aktiv maddələr), hazırlanma üsulu (konsentratlar və yarımfabrikatlar üçün) və təyinatı (uşaq qidaları və diyetik qida), saxlanma şərtləri (saxlanma şəraitinə məcburi tələblər müəyyən edilən mallar üçün), istehsal tarixi və qablaşdırılma tarixi, əks göstərişlər (müxtəlif növ xəstəliklərlə əlaqədar qidanın qəbulu mənfi təsirlərlə nəticələnə bilərsə, bu haqda məlumat) və dövlət qeydiyyatı barədə məlumatlar verilməlidir.

İstehlakçının tələbi ilə satıcı onu satışda olan yeyinti məhsulları (qida) partiyasının keyfiyyəti ilə və təhlükəsizliyinə dair müvafiq sənədlə (sertifikat, şəhadətnamə və s.) və ya onun surəti ilə tanış etməyə borcludur. Qablaşdırılmış malın üzərində malın adı, çəkisi, bir kiloqramın (litrin) qiyməti, çəkilmiş (qablaşdırılmış, bükülmüş) malın bütünlükdə qiyməti, qablaşdırılmanın tarixi, yararlılıq müddəti, çəkicinin soyadı, adı və ya nömrəsi göstərilməlidir. Qanunvericiliklə müəyyən edilmiş mallar istisna olmaqla, qablaşdırılmamış (bükülməmiş) ərzaq mallarının satışına yol verilmir. Çəki ilə satılan ərzaq mallarının qablaşdırılması (bükülməsi) bunun üçün heç bir əlavə məbləğ ödənilmədən həyata keçirilməlidir. İstehlakçının xahişi ilə satıcı baqqaliyyə mallarını kəsilmiş (doğranmış) şəkildə verməyə borcludur. Ərzaq mallarının satışı yerlərində qeyri-ərzaq mallarının satılmasına və ictimai iaşə xidmətlərinin göstərilməsinə ərzaq mallarının müvafiq standartların məcburi tələbləri ilə müəyyənləşdirilmiş keyfiyyətinə və təhlükəsizliyinə xələl gəlmədiyi halda yol verilir.

“Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən ərzaq mallarının satışının qadağan edildiyi hallar da açıqlanıb. Sanitariya cəhətdən zay (təsadüfən yerə düşmüş və ya sair yolla çirklənmiş), istehlakçının tarasında verilən maye halında olan, identifikasiya etmək mümkün olmayan, aşkar keyfiyyətsiz (istehlak xüsusiyyətlərini itirmiş və təhlükəli xassələrə malik), barəsində zəruri məlumat olmayan, yararlılıq müddəti ötmüş, yararlılıq müddəti məcburi müəyyən edilməli olan, lakin müəyyən edilməmiş ərzaq mallarının, təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib. Eyni zamanda sağlamlığını təsdiq edən baytarlıq sənədi və üzərində baytarlıq nəzarətindən keçməsini təsdiq edən nişanı (damğası) olmayan iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyinin, uyğunluq sertifikatı olmayan ərzaq mallarının satışı da qadağandır. İribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi (şaqqaları) formasında qəbul edilir. Kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin qəbul edilməsi ilə bağlı qadağa da qüvvəsində saxlanılıb. Qüsurlu (qismən keyfiyyətsiz) və qiyməti ucuzlaşdırılmış ərzaq malları haqqında satıcı onların təhlükəsizliyinə təsir etməyən, lakin əmtəə görünüşünün dəyişilməsinə səbəb olan hallar və digər xüsusiyyətləri barədə istehlakçılara məlumat verməyə borcludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR