Azərbaycanda çəkilən film və teleserialların keyfiyyəti sahəsindəki problemin səbəbi açıqlanıb

Azərbaycanda çəkilən film və teleserialların keyfiyyəti sahəsindəki problemin səbəbi açıqlanıb
# 11 fevral 2014 13:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bir müddət maliyyə çətinliyi ilə əlaqədar bizim kinostudiyalarda filmlər az çəkilirdi. Son dövrlər isə il ərzində qısa və tammetrajlı sənədli filmlər də daxil olmaqla, ümumilikdə hər il 50-60 film çəkilir. Bu, çox böyük irəliləyişdir. Sadəcə, keyfiyyətlərində hansısa problem ola bilər. Bu da təkamül, yəni seçim və özünütənzimləmə ilə aradan qalxacaq”.

Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev söyləyib.

V.Əliyev film və teleseriallarının keyfiyyəti sahəsindəki problemin səbəbini də açıqlayıb: “Bir müddət kino çəkilişi dayanmışdı və ola bilər ki, hansısa mütəxəssislərimiz kənara getmişdilər, bu gün onlar qayıdırlar. Gənc rejissorlarımız da yetişir. Sadəcə, bir az zaman lazımdır. Bu sahədə də hər şey öz qaydasına düşəcək. Digər tərəfdən, Azərbaycanda serialların son dövrlərdə çəkilməsinə başlanılıb, bu sahədə təcrübə azdır. Televiziya şirkətlərinin çəkdikləri seriallara televiziya şirkətlərinin rəhbərləri nəzarət edir. Əgər teleserial dövlət vəsaiti hesabına çəkilirsə, Mədəniyyət və Turizm Nazirliyi bunu maliyyələşdirirsə, ssenarilərə nazirlikdə baxılır və qəbul olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR