Avropanın gənclər paytaxtı 2016-cı ildə Gəncə olacaq

Avropanın gənclər paytaxtı 2016-cı ildə Gəncə olacaq
# 22 noyabr 2013 09:52 (UTC +04:00)

Azərbaycanın Gəncə şəhəri 2016-cı il üçün Avropanın gənclər paytaxtı olacaq.

Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Avropa Gənclə Forumu ilk dəfə Avropa Gənclər Paytaxtı (AGP) layihəsini 2009-cu ildə həyata keçirib. Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland – 2009), daha sonra Turin (İtaliya – 2010), Antverp (Belçika – 2011), Braqa (Portuqaliya – 2012), Maribor (Sloveniya – 2013), Saloniki (Yunanıstan – 2014) və Kluj Napoca (Rumıniya – 2015) olub.

Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Təşkilatlarının Milli Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının platformasıdır. Bu platforma Avropa məkanında gənclərin ən iri və yeganə konfederativ qurumudur. Mənzil-qərargahı Belçikanın Brüssel şəhərində yerləşən bu qurum 1996-cı ildə təsis edilmişdir. Hazırda Avropa ölkələrinin 40 Gənclər Təşkilatlarının Milli Şurası və 57 Avropa səviyyəli beynəlxalq qeyri-hökumət gənclər təşkilatları platformanın üzvüdür.

10 aprel 2013-cü il tarixdə 2016-cı ilin Avropa gənclər paytaxtına namizədliyini təqdim etmiş ölkələr sırasından aşağıdakı 6 ölkə final mərhələsinə keçib:

Badajoz (İspaniya)

Qalvey (İrlandiya)

Gəncə (Azərbaycan)

Laquna (İspaniya)

Varna (Bolqarıstan)

Vilnus (Litva)

2016-cı ildə Avropa Gənclər Paytaxtı olmaq üçün Avropanın Coruña (İspaniya), Gran Canaria (İspaniya), Konya (Türkiyə), Limassol (Kipr) və Plovdiv (Bolqarıstan) şəhərləri də öz namizədliyini irəli sürüblər.

Avropa Gənclər Paytaxtı seçilmiş hər bir şəhər həmin şəhərdə fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır.

2016-cı ilin Avropa Gənclər Paytaxtının müəyyən edilməsi Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Gənclər Təşkilatları Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunub.

Gərgin keçən mübarizənin yekunu olaraq Gəncə qalib olub və Yunanıstanın Saloniki şəhərində 2016-cı ilin Avropa Gənclər Paytaxtı rəsmi olaraq elan edilib. Qeyd edək ki, 2016-cı ildə Avropa Gənclər Paytaxtı olmağa namizəd seçilmiş şəhərlər arasında Azərbaycan yeganə ölkədir ki, Avropa İttifaqına daxil deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR