Türkiyənin tanınmış jurnalisti: “AKP dönəmi bitdi, yeni bir dönəm başlayır”

Türkiyənin tanınmış jurnalisti: “AKP dönəmi bitdi, yeni bir dönəm başlayır”
# 29 dekabr 2013 07:48 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Türkiyədəki son hadisələri dəyərləndirən tanınmış jurnalist-yazar Xalid Kakınç deyib.

X. Kakınç hesab edir ki, bu proseslərdən qaçmaq mümkün deyildi, hazırda olması lazım olan şeylər cərəyan edir: “Bu iqtidar uzun müddət məzlum, cəmiyyətdə aşağılanmış, kənara itələnmiş qrup kimi təbliğat apardı və xalq bu təbliğatlara inanaraq bunları iqtidara gətirdi. Ancaq bunlar iqtidara gələndən bir müddət sonra diktatura qurmağa başladılar. Bu iqtidar Türkiyənin təməl dəyərlərini sarsıtmağa çalışdı. Ölkənin qurucusu olan Atatürkə “əyyaş” dedilər, baş nazir hər ailədə ən az 3 uşaq olmasından dəm vurdu, az qala çarpayıda necə yatacağımıza qərar verəcəkdi. İqtidar ölkəni tamamilə qütbləşdirdi, 35-40 ildə yetişmiş ordu mənsublarını əsassız ittihamlarla həbsxanalara doldurdu. Bu torpaqlarda Atatürkü və ordunu bir kənara qoyaraq necə normal dövlət qurmaq olar? Türkiyədə dövlət çöküb. AKP iqtidarının dönəmi bitib, yeni bir dönəm başlayır”.

Türkiyə Vəkillər Kollegiyaları Birliyi İdarə Heyətinin üzvü Başar Yaltı isə olayların hüquqi tərəfinə toxunaraq bildirib ki, Türkiyədə dövləti əmələ gətirən qurumlar arasındakı səlahiyyət balansını bilavasitə baş nazir özü pozub: “Biz illərdən bəri deyirik ki, siyasətin əmrində ədliyyə sistemi olmaz. Bu, məhkəmələrin müstəqilliyi prinsipinə tamamilə zidd olub, hüquq dövlətində olmayacaq şeylərdir. “Balyoz”, “Ergenekon”, “Odatv” proseslərində baş nazir və hökumət mənsubları deyirdilər ki, bunlar qəhrəman prokurorlar və hakimlərdir, imkan verin işlərini görsünlər. 12 sentyabr 2010-cu ildə keçirilən Konstitusiya dəyişikliyi referendumundan sonra Hakimlər və Prokurorlar Ali Şurasının tərkibi tamamilə dəyişdirildi, məhkəmə və prokurorluqların tərkibi təxminən 80% yeniləndi. Ədliyyə hökumətin və hökumətlə koalisiyada olan dini icmanın nəzarətinə keçdi. Təsəvvür edin ki, bir neçə gün əvvəl hökumət yeni bir təlimat qəbul edib, prokurorların ilkin təhqiqatlar barədə polis rəislərinə məlumat verməsi məcburiyyətini gətirmişdi, hüquq dövlətində belə bir şey ola bilməz. Türkiyə Vəkillər Kollegiyaları Birliyi məhkəməyə müraciət edərək bu təlimatın qüvvəyə minməsini dayandırsa da, hökumətin daha mürtəce addımlar atacağını gözləməliyik”.

Türkiyədə cərəyan edən proseslərin ölkə iqtisadiyyatına təsirini şərh edən “Hürriyyət” qəzeti və “CNN Türk” kanalının iqtisadi məsələlər üzrə şərhçisi Ərdal Sağlam isə qeyd edib ki, siyasət iqtisadi prosesləri düzgün idarə etmir, qovğalar bir an əvvəl bitməlidir: “Amerika Mərkəzi Bankının son qərarından sonra türk lirəsinin müəyyən qədər devalvasiyaya məruz qalacağı gözlənilirdi, ona görə də ABŞ dollarının bir qədər bahalaşmasını təbii qarşılamaq lazımdır. Ancaq cərəyan edən son proseslər türk lirəsinin gözləniləndən daha çox dəyər itirməsinə səbəb oldu, bunun əsas səbəbi isə siyasətçilərin iqtisadi prosesləri düzgün idarə etməməsindədir. Xüsusilə, hüquq sistemi ətrafında yaşanan olaylar milli valyutanın daha çox dəyər itirməsinə aparıb çıxara bilər, ona görə də bu qovğaların bir an əvvəl bitməsi lazımdır. Baş nazirin son əməliyyatların arxasında faiz lobbisinin olduğunu iddia etməsi doğru deyil. Ölkədən qızıl çıxarılması ilə bağlı aparılan əməliyyatlarda qanunsuzluq və rüşvət iddiaları var. Bunun nə dərəcədə doğru olduğunu məhkəmələr araşdıracaq, indidən nəsə söyləmək müstəqil məhkəmələrin işinə müdaxilə etmək mənası daşıyar”.

Baş nazir R. T. Ərdoğanın 17 dekabrdan bəri cərəyan edən proseslərdə Türkiyənin 20 milyard dollar zərərə məruz qaldığı haqda fikrini şərh edən Ə. Sağlam bunun doğru olmadığını söyləyib: “”Halkbank”ın birjadakı dividentlərində düşmə olduğu kimi, birjanın ümumi indeksində də düşmə var. Bu, bir neçə milyard dollar zərər ola bilər, ancaq 20 milyard dollar zərər olması doğru deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR