Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kursları keçirilir

Yüksək Texnologiyalar Parkı “İddialı satış və idarəetmə komandalarının qurulması” mövzusunda təlim kursları keçirilir
# 15 aprel 2014 07:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının (YT Park) mart ayından etibarən start verdiyi təlim kurslarında dünya səviyyəli peşəkar, Massaçusets İnstitutunun Texnologiya Sahibkarlığı Mərkəzinin təsisçisi və icraçı direktoru, ABŞ-ın İnnovasiya və Sahibkarlıq Komitəsinin Ekspertlər Şurasının məsləhətçisi, hazırda Barselonada yerləşən “ESADE” biznes məktəbində fəaliyyət göstərən professor Ken Mors uğurlu biznesin sirlərini iştirakçılarla paylaşır.

RYTN-nin mətbuat xidmətindən “APA-Economics”ə veriən məlumata görə, Azərbaycanın bütün iddialı şirkətləri üçün təşkil edilən silsilə təlim kurslarının budəfəki mövzusu “İddialı satış və idarəetmə komandalarının qurulması”na həsr edilib.

Yüksək Texnologiyalar Parkının direktoru Seymur Ağayev parkın əsas məqsədinin İKT sahəsində davamlı inkişafın və rəqabətli mühitin yaradılması, həmçinin sektorun dinamik inkişafının təmin edilməsi, elm və innovativ texnologiyalar sahələrində rəqabətli bazarın formalaşdırılması, eyni zamanda innovativ startuplara müvafiq dəstəyin göstərilməsi olduğuna diqqət çəkərək, bu baxımdan, keçirilən silsilə kursların iştirakçılar üçün faydalı olacağını bildirib.

Daha sonra təqdimata başlayan K. Mors sahibkarların uzunmüddətli, etibarlı, səmərəli və qarşılıqlı faydaya əsaslanan müştəri-satıcı münasibətlərinin formalaşması, etimadlılıq, qlobal satış və satış menecmenti, startaplarda satışların əsas rolu, qlobal oyunçular üçün satış, müştəri emalı, satışın qurulması və idarə edilməsi, alıcı etibarının qazanılması yollarından, həmçinin müştəri-satıcı münasibətlərinin formalaşması üçün əhəmiyyətli olan digər mərhələlərdən söz açıb. Birinci təlimdə olduğu kimi, bu tədbirdə də iştirakçılarla fəal dialoqa üstünlük verən Mors təlimin ilk gününü qızğın diskussiyalarla davam etdirib. Bu gün başa çatacaq təlimin sonunda iştirakçıların münsiflər heyəti qarşısında çıxışları nəzərdə tutulur. Seçim meyarlarına görə, onların arasında ən kreativ olanları seçiləcək.

Qeyd edək ki, növbəti təlimlərin 15-16 may tarixlərində keçirilməsi nəzərdə tutulur. Təlim kursları milli şirkətlərə beynəlxalq səviyyədə öz startap məhsullarının satışı və xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR