Gürcüstanın Xalq müdafiəçisi: “Azərbaycanlı məktəbli sevmədiyinə ərə getməyə məcbur edildiyinə görə özünü güllələyib”

Gürcüstanın Xalq müdafiəçisi: “Azərbaycanlı məktəbli sevmədiyinə ərə getməyə məcbur edildiyinə görə özünü güllələyib”
# 01 aprel 2014 23:42 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın Xalq müdafiəçisi Uça Nanuaşvili mətbuatda dərc etdirdiyi hesabatında qeyd edib.

Xalq müdafiəçisi azərbaycanlılar yaşayan bölgələrdə gender bərabərliyinin pozulduğunu bildirib və ayrı-ayrı faktları misal çəkib: “Laqodexinin Qabal kəndində 16 yaşlı qızı atası 45 yaşlı kişiyə ərə verib, əvəzində isə başlıq pulu olaraq 10 inək alıb. Belə hadisələr Telavi rayonun Qaracalar kəndində də baş verib”.

U. Nanuaşvili bildirib ki, 2014-cü ilin fevralında həmin bölgədə 3 nəfər qız qaçırılıb: “Əsas problem müvafiq qurumların bu məsələlərə diqqət yetirməməsidir. Azərbaycanlılar yaşayan bölgələrdə gənc qızların hüquqları pozulur. Onlar ailələri tərəfindən erkən yaşda ailə həyatı qurmağa məcbur edilirlər. Bu məsələdə polis və təhsil müəssisələri daha fəal olmalıdırlar”.

Xalq müdafiəçisi hesabatında bu il martın 18-də Qaracalar kəndində 16 yaşlı məktəblinin evlənməyə məcbur edildiyi üçün özünü güllələdiyini qeyd edib: “Məktəb direktoru Elza Aşırova məlumat verib ki, keçən il 5 nəfər məktəbli qız dərsdən yayınıb və ərə verilib. 2013-cü ildə isə ərə getmək istəməyən məktəbli intihar edib. Bu il isə 16 yaşlı məktəbli sevmədiyi şəxsə ərə getməyə məcbur edildiyinə görə özünü güllələyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR