Azərbaycanda elmi ekspedisiyaların təşkili ilə bağlı Nazirlər Kabinetinə layihələr təqdim ediləcək

Azərbaycanda elmi ekspedisiyaların təşkili ilə bağlı Nazirlər Kabinetinə layihələr təqdim ediləcək
# 05 fevral 2014 13:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında “AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın və “AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən aparılan elmi ekspedisiya işləri üzrə xərc normaları”nın layihələri təsdiq olunub.

APA-nın xəbərinə görə, Rəyasət Heyətinin qərarı ilə hər iki layihə təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

İclasda bildirilib ki, AMEA-da elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində aparılan islahatlar qurumun elmi müəssisə və təşkilatları tərəfindən həyata keçirilən ekspedisiya elmi-tədqiqat işlərinin də səmərəsinin artırılmasını tələb edir. Lakin ekspedisiyalarla bağlı mövcud normativ-hüquqi bazanın müasir standartlara cavab verməməsi elmi ekspedisiyaların təşkilində və həyata keçirilməsində müəyyən çətinliklər yaradır. Bunu nəzərə alan AMEA prezidenti, akademik Akif Əlizadə “Ekspedisiya elmi-tədqiqat işləri haqqında Əsasnamə”nin hazırlanması barədə sərəncam imzalayıb. AMEA Rəyasət Heyətinin bugünkü iclasında sərəncamın icrası ilə əlaqədar hazırlanmış ekspedisiya elmi-tədqiqat işləri haqqında normativ sənədlərin layihələri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR