İtaliyada keçirilən arxeoloji turizm üzrə yarmarkada Azərbaycan da təmsil olunub

İtaliyada keçirilən arxeoloji turizm üzrə yarmarkada Azərbaycan da təmsil olunub
# 19 noyabr 2013 09:08 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İtaliyanın Paestum şəhərində "Arxeoloji Turizm üzrə Aralıq Dənizi Yarmarkası" keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Elmlər Akademiyası, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və bir sıra özəl şirkətlərdən nümayəndələr daxil olub.

Nazirlikdən bildiriblər ki, Azərbaycanın ilk dəfə geniş şəkildə təmsil olunduğu yarmarkada Avropanın və dünyanın 30-a yaxın ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların stendləri qurulub.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qurulan stenddə ölkənin zəngin irsi və turizm potensialı barədə sərgi iştirakçılarına məlumat verilib, video və çap materialları paylanılıb.

Səfər çərçivəsində Vaqif Əliyevlə İtalyanın Salerno əyalətinin prezidenti Antonio İannone, Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifahi, UNESCO-nun baş katibinin müşaviri Munir Buşenaki, Mədəni Mülkiyyətin Qorunması və Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin baş direktoru Stefano de Karo arasında görüşlər keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR