ARDNŞ Xəzərdə yanğın baş verdiyi yataq üçün yeni özül inşa edəcək

ARDNŞ Xəzərdə yanğın baş verdiyi yataq üçün yeni özül inşa edəcək
# 07 fevral 2014 14:23 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ-in «Neftqazelmitədqiqatlayihə» İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı Şirkətin «Neftqaztikinti» Trestidir.

Belə ki, 3 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 10 bloklu özül dənizin 26 metr dərinliyində yerləşdiriləcək. Özül ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, Avtomatlaşdırılmış Nəzarət və İdarəetmə Sistemi, yanğından mühafizə sistemi, 3 ədəd qaldırıcı hidroaktiv kran, bioloji sutəmizləmə qurğusu və digər zəruri avadanlıqlarla təchiz ediləcək.

Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə özüldə 6 ədəd dizel elektrik generatoru quraşdırılacaq, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Özüldən sutkada 450 ton kondensat və 2,4 mln. kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, özüldə istismar işləri N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, ötən ilin avqustun 17-də saat 23:00 radələrində «Bulla-dəniz» yatağında 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, saat 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib. ARDNŞ və ABŞ-ın «Boots & Coots» servis şirkəti mütəxəssislərinin birgə səyləri və yanğınsöndürən gəmilərin dəstəyi ilə oktyabrın 23-də «Bulla-dəniz» yatağındakı 90 nömrəli quyunun ağzında fontana qarşı avadanlıqların quraşdırılması, eləcə də quyunun nəzarətə götürülməsi üzrə aparılan əməliyyatlar uğurla başa çatdırılıb və yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR