Tuyqun Nadirov: “Yayım hüququndan qazanc əldə etmək bizim haqqımızdır”

Tuyqun Nadirov: “Yayım hüququndan qazanc əldə etmək bizim haqqımızdır”
# 07 fevral 2014 14:34 (UTC +04:00)

Bakı – APA. “Məgər biz yayım hüququnu kiməsə bağışlamışıq ki, kimsə də götürüb bunu başqa birinə hədiyyə etsin? Teleyayım məsələsi təkcə bizim deyil, bütün klubların problemidir. Bu, uzun müddətdir çözülməsini gözləyən düyündür”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Bazar günü Topaz Premyer Liqasının XX turu çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” matçının televiziya vasitəsi ilə canlı yayımlanmayacağı qonaq komandanın etirazına səbəb olub.

Paytaxt klubu bu məsələdə cənubluları günahkar sayır. Lakin Nadirov bildirib ki, onlar da qayda-qanun çərçivəsində görüşün canlı yayımlanmasının tərəfdarıdırlar: “Xəzər Lənkəran” klubu öz oyunlarının yayım hüququnu heç bir quruma hədiyyə etməyib. Azərbaycanın istənilən telekanalı bizim oyunumuzu azarkeşlərə təqdim edə bilər. Lakin bunun üçün həmin kanal bu hüququ klubdan satın almalıdır. “Xəzər Lənkəran” sivil, peşəkar klubdur. Bilet, atribut satışından necə gəlir götürürüksə, yayım hüququndan da qazanc əldə etmək bizim haqqımızdır. Klubu saxlamaq üçün qazanc olmalıdır, ya yox? Bütün dünyada belə qəbul olunub ki, klub yayın hüququnun müqabilində gəlir əldə edir. Bizdə də bu cür olmalıdır. Bu işdə fikri başqa yerə yönəldib, vəziyyətdən istifadə etmək istəyənlər var. Klubumuzla azarkeşlərimiz arasında nifaq salmağa cəhd edirlər. Lakin həmin klub rəsmilərindən fərqli olaraq, sıravi azarkeş başa düşür ki, yayım hüququ bir məhsuldur. Ondan gələn gəlirlər klub öz xərclərin qarşılayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR