Berti Foqts: “Nəticə pisdirsə, buna görə bizi güllələmək lazımdır”

Berti Foqts: “Nəticə pisdirsə, buna görə bizi güllələmək lazımdır”
# 18 noyabr 2013 14:39 (UTC +04:00)

Bişkek - APA. “Tallinndə pis oynamadıq. İki səhv etdik. Ona gör də, estoniyalılar qələbə qazandı. Qol şanslarımız olsa da, istifadə edə bilmədik”. Apasport.az saytının Qırğızıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.


Milli komandamız sabah Bişkekdə Qırğızıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Almaniyalı çalışdırıcı ilin son oyunundan öncə təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: “Burda olduğumuz üçün şadıq. Dostlarla qarşılaşacağıq. Futbolçular meydanda yox, meydandan kənarda da insanlara lazımdı. Burada xoş münasibət gördük. Belə oyun bizə vacibdir. Millidə həmişə ən yaxşı futbolçular oynayır. Belə matçlarda eksperimentlər aparırıq. Gələcək işlər barədə başqa söz deyə bilmərəm.”

Foqts bildirib ki, yoldaşlıq matçı olmasına rəğmən, meydana qələbə üçün çıxacaqlar: “Futbol elə oyundur ki, hamı qələbə qazanmaq istəyir. Rəqib də qələbə üçün meydana çıxacaq, biz də. Sabah bəzi mövqelərdə yenə dəyişikliklər edəcəyəm. Hər bir futbolçu səhv edə bilər. Mənim də səhvim olur. Amma eyni səhvi iki dəfə təkrar etmək olmaz”.

Millimizin baş məşqçisi heyətdəki itkilərə də toxunub: “Kamran Ağayevlə Rəşad Sadıqov yaxşı futbolçulardı. Lakin onların olmamağı problem deyil. Rəşad olmayanda, onu Ruslan Abışov əvəzləyir. Bəlkə, sual verəsiniz ki, həlledici səhvləri kim edir. Problem ondadır ki, jurnalistlərin sevimli futbolçuları var. Onlar hamını tənqid edə bilmirlər”.

Almaniyalı mütəxəssis “Qırğızıstandan dəvət alsanız qəbul edərsiniz” sualına bir qədər düşünərək, belə cavab verib: Bilmirəm. Burada futbol inkişaf etməyib”.

Foqts “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silvanın milliyə dəvət olunma ehtimalına da toxunub: “Bu suala AFFA cavab verə bilər. Milliləşdirmək barədə sualı AFFA-ya verin. Əgər futbolçu başqa ölkənin milli komandasında oynamaq istəyirsə, FİFA-ya məlumat verilməlidir. Mən çox şey deyə bilmərəm”.

Təcrübəli mütəxəssis başa çatmaqda olan 2013-cü ilin yekunları barədə bunları deyib: “Azarkeşlər üçün bu ili uğurlu adlandırmaq olar. Mənim üçünsə yox. Biz daha çox xal toplaya bilərdik. Nəticə pisdirsə, buna görə bizi güllələmək lazımdır (gülür). Nə baş verməsindən asılı olmayaraq, növbəti gün yenə günəş işıq salacaq və gözəl gün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR