Gənclər Fondu 4-cü qrant müsabiqəsinə yekun vurub və yeni müsabiqə elan edib - FOTO

Gənclər Fondu 4-cü qrant müsabiqəsinə yekun vurub və yeni müsabiqə elan edib - <span style="color: red;">FOTO
# 28 dekabr 2013 14:28 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Gənclər Fondundan APA-ya verilən məlumata görə, yığıncağın gündəliyinə dördüncü qrant müsabiqəsinin nəticələrinin müzakirəsi, növbəti müsabiqənin elan olunması, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov dördüncü qrant müsabiqəsinin yekunları barədə məlumat verərək bildirib ki, yalnız “C” kateqoriyası üzrə keçirilən bu müsabiqəyə oktyabrın 8-dən noyabrın 18-dək 14-29 yaşlı şəxslər tərəfindən 668 fərdi layihə təqdim edilib. Ötən müddət ərzində layihələr Fondda sistemləşdirilmiş və təhlil olunmuş, hər biri haqqında annotasiya və rəy hazırlanıb. Müzakirələr nəticəsində Müşahidə Şurasının üzvləri təqdim olunan layihələrdən 391-nin maliyyələşdirilməsini məqsədəuyğun sayıblar. Gənclərin təşəbbüsləri qiymətləndirilərkən, təhsildəki yeniliklərə və elmi nailiyyətlərə həsr olunmuş tədbirlərin təşkili, intellektual yarışların və incəsənətin müxtəlif sahələri üzrə müsabiqələrin keçirilməsi, gənc texniklərin ideyalarının reallaşdırılması, bədii və elmi ədəbiyyata marağın artırılması, könüllülüyün və tolerantlığın təbliği, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası, ekoloji durumun yaxşılaşdırılması, region gənclərinin ictimai fəallığının artırılması və s. mövzularda hazırlanan, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Barələrində müsbət qərar qəbul olunmuş fərdi layihələrin maliyyələşdirilməsi üçün Fond tərəfindən 833 min manat vəsait ayrılıb.

Müşahidə Şurası növbəti qrant müsabiqəsinin elan olunması barədə də qərar qəbul edib. Beşinci müsabiqənin “A”, “B”, “C” və “E” kateqoriyaları üzrə keçirilməsi nəzərdə tutulub, hər kateqoriya üzrə prioritet istiqamətlər müəyyənləşdirilib. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təklif edib ki, “E” kateqoriyasının məzmunu dəyişdirilsin, həmin istiqamət üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının strukturunun möhkəmləndirilməsi və təşkilati inkişafının təmin edilməsi ilə bağlı müraciətləri qəbul edilsin. Müşahidə Şurasının iclasında hər kateqoriya üzrə Fonddan tələb olunan məbləğin yuxarı həddi müəyyən edilmiş, beşinci qrant müsabiqəsinin 2013-cü il dekabrın 29-dan 2014-cü il fevralın 10-dək keçirilməsi barədə razılığa gəlinib.

Müşahidə Şurasının iclasında Fond tərəfindən maliyyələşdirilmiş layihələrin icrasına, monitorinqinə və hesabatların təqdim olunması vəziyyətinə həsr olunan geniş toplantının keçirilməsinin zəruriliyi vurğulanmış, tədbirin yanvar ayının ikinci yarısında təşkil edilməsi barədə razılıq əldə olunub.

Müşahidə Şurası işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR