Prezident Administrasiyasının şöbə müdiri: “Azərbaycan dövlətini azad cəmiyyət olmadan təsəvvür edə bilmirik”

Prezident Administrasiyasının şöbə müdiri: “Azərbaycan dövlətini azad cəmiyyət olmadan təsəvvür edə bilmirik”
# 30 iyul 2013 08:29 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanın daxili həyatında baş verən bütün proseslərdə siyasi partiyalar yaxından iştirak edir”.

APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.

Sonuncu parlament seçkilərinin nəticələrinə toxunan Əli Həsənov bildirib ki, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını 72, Vətəndaş Həmrəyliyi Partiyasını 3, Ana Vətən Partiyasını 2, Ədalət, Sosial Rifah, Vətəndaş Birliyi, Demokratik İslahatlar, Ümid, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarını bir millət vəkili təmsil edir. Parlamentdəki bitərəflərin sayı isə 42 nəfərdir: “Demokratik cəmiyyətlərdə siyasi partiyalar dövlət həyatının, idarəçiliyinin əsasını təşkil edir. Biz Azərbaycan dövlətini azad cəmiyyət olmadan təsəvvür edə bilmirik. Qeyri-dövlət təşkilatlarının idarəçilik sisteminə cəlb olunması bu günün məsələsi deyil. Hələ sovetlər dövründə ictimai qurumlar, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və sair ictimai təşkilatlar var idi. Onlar bu gün də var və fəaliyyət göstərirlər. Amma bu gün həmin ictimai qurumların, qeyri-hökumət təşkilatlarının funksiyası dəyişib. Bu qurumlar hazırda sərbəst şəkildə vətəndaş təşəbbüslərini ortaya qoyurlar”.

Əli Həsənov Azərbaycan hökumətinin QHT-lərə yaratdığı imkanlardan da danışıb. O, bildirib ki, prezident İlham Əliyevin sərəncamına əsasən yaradılmış QHT-lərə Dövlət Dəstəyi Şurası dövlət büdcəsindən ayrılan vəsait hesabına qeyri-hökumət təşkilatlarının layihə və proqramlarını maliyyələşdirir.

PA rəsmisi Azərbaycanda digər xalqların - talışların, ləzgilərin, kürdlərin, avarların və digər etnik qrupların ictimai təşkilatlarının fəaliyyət göstərdiyini bildirib.

O, eyni zamanda Azərbaycanda müxtəlif dini dünyagörüşləri əks etdirən ictimai təşkilatların sərbəst şəkildə fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Bir sözlə, dövlət qurumları və siyasi partiyalarla yanaşı, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları da dövlət həyatında iştirak edirlər. Onlar da demokratik cəmiyyətin əsasını təşkil edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR