Tiflisdə Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunan tədbir keçirilib

Tiflisdə Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunan tədbir keçirilib
# 22 may 2013 23:14 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstan-Azərbaycan çoxillik dostluq və mehriban qonşuluq münasibətlərinə, Gürcüstan və Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva açıb. Sonra Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirinin müavini Marina Mizandari, Azərbaycan parlamentinin deputatı, Azərbaycan-Gürcüstan parlamentlər arası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Temur Başileişvili, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, «Dənizdən-dənizə» filminin rejissoru Tengiz Txilava, elmi işçi Valeri Asatiani və başqaları çıxış edərək Azərbaycan-Gürcüstan dostluğunun qədimliyindən, bu dostluğun memarı Heydər Əliyevin ölkələrimizi Avropa və Asiya ilə birləşdirən beynəlxalq layihələrin Gürcüstandan keçməsi ilə əlaqədar tarixi rolundan, ulu öndər Heydər Əliyevin Gürcüstanda yaşayan soydaşlarımızın təhsil və mədəniyyətinə olan qayğısından, son illər bu sahədə atılan addımlardan, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin bərpadan sonra Gürcüstan-Azərbaycan nazirlərinin və digər rəsmilərin iştirakı ilə açılışından söhbət açıblar.

Tədbirdə “TRAZGE” (Türkiyə, Azərbaycan, Gürcüstan) prodüser şirkəti və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi arasında kino, mədəniyyət və əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədi muzeyin direktoru Leyla Əliyeva və „TRAZGE“ prodüser şirkətinin rəhbəri David Abdaladze imzalayıb.

Tədbirdə eyni zamanda «Heydər Əliyev Gürcüstanda» kitabının təqdimatı keçirilib, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən foto sərgi nümayiş olunub. Sonra ulu öndər Heydər Əliyevə həsr olunan və ssenari müəllifi jurnalist Şahismayıl Şəmmədoğlu, rejissoru Tengiz Txilava olan «Dənizdən-dənizə» filmi nümayiş olunub. Tədbirdə gənc azərbaycanlı ifaçılar konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin əməkdaşları, reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin əməkdaşları, diplomatik korpus nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərin nümayəndələri, tələbələr, Marneulidən, Tiflisdən gələn gənclər, muzey işçiləri, gürcü və Azərbaycan mətbuat nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR