Təhsil naziri xaricdə təhsil alacaq 58 tələbə ilə görüşüb

Təhsil naziri xaricdə təhsil alacaq 58 tələbə ilə görüşüb
# 02 sentyabr 2013 12:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarov Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 58 tələbə ilə görüşüb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı nazir tələbələri təbrik edərək onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləyib. Təhsil naziri qeyd edib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan nazir hazırda bu ənənənin dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib.

Nazir gənclərə ölkəmizlə daim sıx əlaqə saxlamağı tövsiyə edib, bu baxımdan Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) fəaliyyətinin əhəmiyyətli olduğunu söyləyib. Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdıran təhsil naziri onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərin ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 152 namizəd barəsində müsbət qərar qəbul olunub. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR