“Rabitə” 3 voleybolçu ilə müqavilə bağlayıb

“Rabitə” 3 voleybolçu ilə müqavilə bağlayıb
# 26 fevral 2014 13:25 (UTC +04:00)

Bakı – APA. Martın 15-16-da keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nda Azərbaycanı təmsil edəcək “Rabitə” yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz ölkə çempionu və hazırda Super Liqanın lideri kubalı Rozanna Giel Ramosun ardından bu ölkədən daha 3 voleybolçunun keçidini rəsmiləşdirib.

Yeni mövsümdən Yoana Palasio Mendoza, Salas Vilma Rosell və Xiselye da Silva Franko “Rabitə”nin şərəfini qoruyacaq. Gələcəyin komandasını qurmağı hədəfləyən komanda hər 3 perspektivli oyunçu ilə 5 illik müqavilə imzalayıb.

Belə ki, bir müddət öncə təmsilçimizin heyətinə baxışa çağırılan və ardından bəyənilən Palasio universaldır və xüsusilə hücumda adından söz etdirməyi bacarır. Son komandası yerli “Cuidad Habana” olan 24 yaşlı voleybolçu 2009-2012-ci illərdə yığmasının formasını geyinib. 187 sm boya malik (313 hücum, 300 blok yüksəkliyi) Yoana “Volley Masters”in finalçısı və bürünc mükafatçısıdır. Eyni uğuru Panamerika Oyunlarında da təkrarlayan voleybolçu Qran-pri turnirində də fəxri kürsünün ikinci pilləsinə qalxıb.

23 yaşlı Vilma Kuba millisinin aparıcı simasına çevrilib. 2009-cu ildən əsas komandasının şərəfini qoruyan 188 sm boya malik universal oyunçu Palasio ilə eyni mükafatları qazanıb. Son klubu “Santiaqo de Cuba” olan Salas artıq millisinin heyətində 30 oyuna çıxıb (313 hücum, 298 blok yüksəkliyi).

Salasla həmyaşıd olan və yığmadakı kimi eyni klubun klubun uğurları üçün çalışmış Silva 184 sm boya malikdir. 302 sm hücum, 295 sm blok yüksəkliyi olan kubalı da “Volley Masters”, Panamerika Oyunları və Qran-pridə fəxri kürsüdə yer alıb.

Qeyd edək ki, “Rabitə”nin daha öncə transfer etdiyi digər kubalı – 22 yaşlı Ramos blokçudur və 187 sm boya malikdir. Kubada son illərin ən perspektivli oyunçusu kimi baxılan orta sahə oyunçusu 320 sm hücum, 315 sm blok yüksəkliyinə malikdir. 2009-cu ildən gənclər millisində oynayan Rozanna 2 il sonra əsas yığmasının şərəfini qorumağa başlayıb. Kubanın “Cieqo de Avila” klubundan transfer olunan Ramos millisi ilə Panamerika, “Volley Masters” və Qran-prinin gümüş medalına sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR