“İRS-İsan” jurnalının yapon dilində növbəti sayında Mehriban Əliyevanın məqaləsi dərc olunub

“İRS-İsan” jurnalının yapon dilində növbəti sayında Mehriban Əliyevanın məqaləsi dərc olunub
# 16 yanvar 2014 10:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin və “İRS-İsan” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə Azərbaycan həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan jurnalın yapon dilində növbəti nömrəsi nəşr edilib. Yeni Azərbaycan Partiyasından (YAP) APA-ya verilən məlumata görə, jurnalın bu nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, YAP-ın sədr müavini Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsi yapon oxuculara təqdim olunub.

Məqalədə muğam sənəti, Azərbaycan muğam məktəbi və onun görkəmli nümayəndələri haqqında geniş məlumat verilir. Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı danışılır.

Bundan əlavə, jurnalda baş redaktor Musa Mərcanlının “Qarabağ – muğamın beşiyi”, Tofiq Musayevin ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi haqqında “Xocalıda cinayət: hadisənin günahkarları, baş verənlərin beynəlxalq hüquqa əsasən təsnifatı və məsuliyyət”, ötən il yaradıcılığının 900 illik yubileyi qeyd olunmuş böyük Azərbaycan şairi Məhsəti Gəncəvi haqqında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynovun “Müasirimiz Məhsəti Gəncəvi”, tarix üzrə fəlsəfə doktoru İzmira Quliyevanın “Azərbaycanın təbii boyaları – təbiətin insana hədiyyəsi”, Afət Rüstəmbəyovanın Azərbaycan tətbiqi sənətində xüsusi yeri olan qurama sənəti haqqında “Qurama - Azərbaycan tətbiqi sənətinin bir növü kimi”, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovun Milli Azərbaycan Tarixi Muzeyində saxlanan yapon qılıncı haqqında məqalələri yer alıb.

Nəfis tərtibatda hazırlanmış jurnalın nəşrinin məqsədi yapon xalqını Azərbaycanın zəngin tarixi-mədəni irsi, incəsənəti, ədəbiyyatı, mətbəxi, turizm imkanları və ölkəmizin inkişaf perspektivləri haqqında daha ətraflı məlumatlandırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR