Polşanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Polşanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub
# 24 dekabr 2013 08:00 (UTC +04:00)

Bakı - APA. Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kəmalə Paşayevanın APA-ya verdiyi məlumata görə, rektor Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. E.Qasımov dekabrın 17-də Bakıda imzalanan “Şahdəniz 2” layihəsi üzrə yekun investisiya sazişinin Azərbaycan və Avropa üçün əhəmiyyəti haqqında ətraflı məlumat verərək bildirib ki, bu layihə dünyanın ən iri enerji layihələrindən biridir. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın düzgün neft strategiyası haqqında danışan E. Qasımov qeyd edib ki, bu gün də bu yol Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. “Şahdəniz 2” layihəsini əsrin müqaviləsi adlandıran rektor bildirib ki, bu layihələrdə işləyə biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsi də dövlətin qarşısında duran vacib məsələlərdən biridir. Bu səbəbdən ölkədə aparılan təhsil islahatlarından danışan E. Qasımov vurğulayıb ki, BANM-nin yaranmasında əsas məqsədlərdən biri də müasir standartlara cavab verən, yüksəkixtisaslı kadrların yetişdirilməsidir.

Azərbaycan və Polşa arasında tarixən isti münasibətlərin olduğunu qeyd edən rektor bildirib ki, bu gün də bu münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neftin çıxarılmasında və dənizin qurudulması üsulunun tətbiq olunmasında polşalı mühəndislərin əməyini yüksək qiymətləndirən E. Qasımov mühəndislik ixtisasının Polşada önəm verilən sahələrdən biri olduğunu söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib və Şərqi Avropanın ən qədim universitetlərindən olan Polşanın AGH (Elm və Texnologiyalar Akademiyası) əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.

Öz növbəsində, səfir M. Labenda bildirib ki, Azərbaycan və Polşa dost olmaqla yanaşı, bir çox sahədə yaxın müttəfiq dövlətlərdir. O, günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşanın müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR