«Tiflisdə yeddi məhbus» kitabının təqdimatı keçirilib

«Tiflisdə yeddi məhbus» kitabının təqdimatı keçirilib
# 25 mart 2014 09:15 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) və Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) təşəbbüsü ilə gənc yazıçı, əslən Dmanisidən olan Ədalət Mədətoğlunun «Tiflisdə yeddi məhbus» kitabının təqdimatı keçirilib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, AMM-nin sədri Fazil Həsənov tədbir iştirakçılarına yazıçı haqqında ətraflı məlumat verib. Sonra «Region Press» qəzetinin redaktoru Binnət Məmmədov, GAJB-ın sədri Nizami Zillioğlu, Xocornu kənd məktəbinin direktoru Həsən Əzizov, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu və başqaları çıxış edərək romanın müasir həyatla səsləşdiyini və yeni üslubda qələmə alındığını, Borçalı adət-ənənələrini, eyni zamanda 2013-cü ildən başlayaraq Gürcüstanda baş verən siyasi dəyişiklikləri əks etdirdiyini və dilinin şirinliyini qeyd ediblər.

Tədbirdə çıxış edən yazıçı Ə.Mədətoğlu əsərin bu günlərdə gürcü dilinə tərcümə olunacağını bildirib. Yazıçı çıxışında əsərdə yaşlı nəslin nümayəndələrinin ona söylədiyi əhvalatlardan bəhrələndiyini bildirib. Yazıçı qeyd edib ki, kitabda Borçalı mahalına məxsus dialekt sözlərdən və Osmanlı dövrünə aid arxaizmlərdən istifadə olunub və əsərdə verilən əhvalatlarda bəzi tarixi hadisələrin xronologiyası bilərəkdən dəyişdirilib.

Qeyd edək ki, hazırda Bakıda yaşayan Ə.Mədətoğlu əsərlərini rus və Azərbaycan dillərində qələmə alır. «Tiflisdə yeddi məhbus» romanı onun Azərbaycan dilində qələmə aldığı ilk irihəcmli əsəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR