Andrey Bileyçuk: “Bakı” müştərim Ruslan Leviqaya olan borcunu hələ ödəməyib”

Andrey Bileyçuk: “Bakı” müştərim Ruslan Leviqaya olan borcunu hələ ödəməyib”
# 12 mart 2014 08:08 (UTC +04:00)

Bakı – APA. “Bakı” müştərim Ruslan Leviqaya olan borcunu hələ ödəməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq futbolçusu Ruslan Leviqanın agenti Andrey Bileyçuk deyib.

Paytaxt təmsilçisi ukraynalı sabiq futbolçusu ilə bağlı FİFA Mübahisələrin Həlli Palatasının tələbini hələ də yerinə yetirməyib. Ali futbol qurumu ötən ilin iyununda “zolaqlılar”ın hazırda “Neftyanik-Ukrneft”in şərəfini qoruyan sabiq üzvünə olan borcunun, həmçinin məvacibi gecikdirdiyi üçün əlavə faiz ödənilməsi ilə bağlı qərar qəbul edib. Lakin bakılılar bu tələbi yerinə yetirmədiklərindən, Bileyçuk bununla bağlı Palatanı məlumatlandırıb.

Ötən ayın əvvəlində klubun icraçı-direktoru Yaşar Seyidov saytımıza açıqlamasında yaxın bir neçə gün ərzində Leviqaya ödənməli olan pulu köçürəcəklərini, bununla da, məsələnin tam həll olunacağını söyləmişdi. Lakin həmin vaxtdan 1 ay keçsə də, “Bakı” ukraynalı sabiq futbolçusu ilə problemini yoluna qoymayıb.

Bileyçuk bildirib ki, FİFA tezliklə “Bakı”ya ağır cəza verəcək: “Borcun ödənilməsi üçün sonuncu müddət ötən ilin yayında başa çatıb. Biz yenidən FİFA-ya müraciət etmişik. Düşünürəm ki, sanksiyalar tezliklə, özü də sərt olacaq!”

“Bakı” problemi tezliklə yoluna qoymasa, böyük ehtimalla, komandanın hesabından xal silinəcək və növbəti 2 “transfer pəncərəsi” zamanı paytaxt klubunun futbolçu almasına qadağa qoyulacaq.

Qeyd edək ki, Leviqanın “Bakı” karyerası uzun olmayıb. O, 2011-ci ildə transfer olunduğu komandada 6 ay keçirib və baş məşqçi Aleksand Starkovun istəyi ilə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR