Azərbaycanın 4 rayonundakı mövcud vəziyyət və problemlər öyrənilib

Azərbaycanın 4 rayonundakı mövcud vəziyyət və problemlər öyrənilib
# 28 iyun 2014 16:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” və “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası” şöbələrinin əməkdaşları Şəki, Qax, Zaqatala və Balakən rayonlarında ezamiyyətdə olublar.

İnstitutdan APA-ya verilən xəbərə görə, ezamiyyətin məqsədi dörd rayonda sənayenin, kənd təsərrüfatının, nəqliyyatın və digər təsərrüfat sahələrinin vəziyyətini, şəhər və kənd əhalisinin məskunlaşması və demoqrafik inkişafla bağlı mövcud vəziyyəti və problemləri öyrənməkdən ibarət olub. Onlar Şəki, Qax, Zaqatala və Balakən rayonlarının icra başçıları və onların müavinləri, iqtisadi və sosial məsələlərlə məşğul olan şöbələrin işçiləri ilə görüşərək, son illərdə rayonda görülən işlər, həmçinin planlaşdırılan tədbirlər barədə məlumat alıblar.

Rayonlarda görülən işlər, “2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər, yaşayış məntəqələrinin inkişafı məsələləri barədə elmi işçilərə ətraflı məlumat verilib. İnzibati rayonlar üzrə əhalinin təbii artımı, miqrasiya göstəriciləri, eləcə də son illər rayonlarda Fövqəladə Hallar Nazirliyinin xətti ilə təmir olunmuş və tikilib istifadəyə verilmiş evlər, məktəblər və məktəbəqədər müəssisələr, səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektləri üzrə olan göstəricilər əldə olunub. İcra nümayəndələri Qax, Zaqatala və Balakən rayonlarında baş vermiş son zəlzələnin vurduğu ziyan, həmçinin sel hadisələrinin yaratdığı təhlükələr və ziyanlar bərədə institut əməkdaşlarının suallarını cavablandırıblar.

İnzibati rayon mərkəzləri ilə yanaşı İlisu, Baş Göynük, İncə, Qurbanəfəndi, Təzəkənd və digər kəndlərdə olublar. İnstitut əməkdaşları bir çox yaşayış məntəqələrinin fotoşəkillərini çəkərək məskunlaşma haqqında faktiki materiallar toplayıblar. Əldə edilmiş bütün bu məlumatlar “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” və “Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası” şöbələrinin illik elmi hesabatlarına daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR