Ombudsman Tərtərdə ictimai dinləmələr keçirib

Ombudsman Tərtərdə ictimai dinləmələr keçirib
# 22 may 2013 16:47 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə Tərtərdə ictimai dinləmələr keçirilib.

APA-nın xəbərinə görə, MFP-nin həyata keçirilməsi üzrə İşçi qrupunun rəhbəri, Ombudsman Elmira Süleymanovanın sədrliyi ilə növbəti ictimai dinləmə məhkəmə, prokurorluq, polis, dairə seçki komissiyası, digər dövlət orqanlarının, bələdiyyələrin, habelə məskunlaşmış məcburi köçkün icmaları nümayəndələrinin, ictimaiyyətin və KİV-in təmsilçilərinin, qadınlar, gənclər, müəllimlər, digər ziyalılar, şəhər və kənd sakinlərinin iştirakı ilə baş tutub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbiri açaraq insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu, bu sahədə görülən işləri vurğulayıb və əsas sənədlərdən olan MFP-nin icrası üzrə ictimai dinləmələrin də keçirilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

E.Süleymanova 18 iyun – Milli İnsan Hüquqları günü münasibətilə “İnsan hüquqları aylığı” elan etdiyini, dövlət qurumları, icra hakimiyyətləri orqanları tərəfindən tədbirlərin görüldüyünü bildirib. O, 2013-cü ilin Azərbaycanda prezident seçkiləri ili olduğunu deyərək, seçki hüquqlarının prioritet məsələ olduğunu, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq ölkə prezidentinin müvafiq sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd edib, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini vurğulayıb.

Rayon məhkəməsinin hakimi, prokuror, polis şöbəsinin rəisi, dairə seçki komissiyasının sədri, bələdiyyə sədrləri, fəal qadınlar və digər şəxslər çıxış edərək, əhalinin hüquqi maarifləndirməsi məqsədini daşıyan geniş tədbirlərin təşkili, vətəndaşların qəbulu və onların müraciətlərinin effektiv təmin olunması, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar, cinayətkarlıqla mübarizə, şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində görülən işlər, eyni zamanda qanunvericilikdə olan boşluqlar, yeni qanunvericiliyin öyrənilməsi, məhkəmə qərarlarının icrası sahəsində çətinliklər, əhalini narahat edən əsas məsələlər - mülkiyyət hüququnun rəsmiləşdirilməsi, torpaq bölgüsündə yaranmış problemlər, alimentin ödənilməsi və aliment fondunun yaradılmasına olan ehtiyac, ailə-nikah münasibətləri və digər problemlər barədə məlumat veriblər.

Tədbirin sonunda Müvəkkil ona müraciət edən şəxsləri qəbul edib, bir sıra müraciətlər araşdırılma aparılması üçün icraata götürülüb, bəzi şikayətçilərə isə hüquqları izah olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR