İlin sonunadək Azərbaycanda 9 beynəlxalq sərgi keçiriləcək

İlin sonunadək Azərbaycanda 9 beynəlxalq sərgi keçiriləcək
# 02 sentyabr 2013 14:16 (UTC +04:00)

Sərgilərin təşkilatçısı olan «Iteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, payız aylarında keçiriləcək sərgiləri fərqləndirən cəhət isə ondan ibarətdir ki, builki sərgi mövsümünü oktyabrın 4-6-da keçiriləcək VII Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi açacaq. Bu sərgi abituriyentlərə və onların valideynlərinə müxtəlif təkliflər arasında düzgün seçim etməkdə və gələcəyə düzgün sərmayə yatırmaqda kömək etmək üçün yeni dərs ilinin başlandığı bir vaxta təyin olunub. Sərgiyə müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqramlar təqdim edən 20 ölkədən 100-dən artıq iştirakçının qatılacağı gözlənilir.

Regionda çoxdan bəri gözlənilən və ən geniş tədbir sayılan «Xəzər İnşaat Həftəsi» oktyabrın 23-26-da keçiriləcək. «Baku Expo Center»in bütün pavilyonlarını, eləcə də xarici meydançanı və ümumi zalı əhatə edən bu tədbir üç böyük sərgini – «BakuBuild», «Aqua-Therm Baku» və «CIPS Caspian» sərgilərini özündə ehtiva edir.

Bu il «Xəzər İnşaat Həftəsi» 27 ölkədən 400-dən artıq şirkəti bir ekspozisiya çərçivəsində birləşdirəcək. Belə ki, XIX Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (BakuBuild-2013) müasir və qabaqcıl inşaat texnologiyalarını, geniş çeşiddə tikinti materiallarını və istehsalın ön sıralarında duran şirkətlərin santexnika avadanlıqlarını, habelə yeni döşəmə örtüklərini, tikinti texnikasını, uşaq meydançalarını, idman ləvazimatlarını, trenajorları və digər məhsulları təqdim edəcək.

Həmin tarixlərdə V Yubiley Beynəlxalq İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpa olunan enerji Sərgisi (Aqua-Therm Baku-2013) keçiriləcək. Sərgi ekspozisiyasına istilik sistemləri, izolyasiya materialları, ventilyasiya sistemləri, havapaylayıcı qurğular və bir sıra digər məhsullar daxildir. Bu il «Aqua-Therm Baku» sərgisi öz meydançasında Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Fransa və digər ölkələrdən 60-dan çox şirkəti bir araya gətirəcək.

VI Xəzər Beynəlxalq Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri Sərgisi (CIPS Caspian-2013) oktyabrın 23-26-də keçiriləcək. Sərgi potensial istehlakçılara etibarlı təhlükəsizlik sistemləri və yüksək səviyyəli intellektual mühafizə vasitələri sahəsində ən son təkmilləşdirmələri təqdim edən istehsalçı, diler və xarici şirkətlərin nümayəndələrini bir araya gətirəcək.

Oktyabr 31-dən noyabrın 2-dək Bakıda ənənəvi «BIHE», «Beauty Azerbaijan» və «Stomatology Azerbaijan» sərgiləri keçiriləcək. Regionda yeganə tibb və səhiyyə sərgisi olan «BIHE» dövlət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, terapevtlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş yerinə çevrilib. «BIHE» sərgisinin Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə keçirilməsi onun statusunu bir daha təsdiqləyir.

Həmin tarixlərdə paralel olaraq daha iki tədbir – VIII Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və VII Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb Sərgisi keçiriləcək. «Beauty Azerbaijan-2013» sərgisi gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanalarda geniş istifadə olunan məhsul və texnologiyaları təqdim edəcək.

«Iteca Caspian»ın təqvimində növbəti sərgi layihəsi olan «Xəzər: Ətraf mühit üçün texnologiyalar» IV Beynəlxalq ətraf mühit sərgisi (CTE-2013) noyabrın 20-22-də keçiriləcək.

Payız sərgi mövsümü dekabrın 2-5-də Bakıda keçiriləcək XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi (Bakutel-2013) ilə başa çatacaq. Ənənəvi olaraq, sərgidə aparıcı İKT şirkətləri, mobil rabitə və kommunikasiya operatorları, habelə internet provayderləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR