Gələn ildən ADİU-da müəllimlər tələbələr tərəfindən seçiləcək

Gələn ildən ADİU-da müəllimlər tələbələr tərəfindən seçiləcək
# 16 oktyabr 2014 10:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov ali təhsil ocağının professor heyəti ilə görüşüb.

ADİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ADİU-nun imicinin yüksəldilməsi və təhsilin keyfiyyətinin artırılması məsələsi müzakirə edilib.

Müəllim adının müqəddəs olduğunu, onların əməyinə yüksək qiymət verdiyini vurğulayan rektor müəllimlərin əmək haqlarının differensiallaşdırılaraq mütəmadi olaraq artırılacağını bildirib. Bunun üçün kadr potensialının keyfiyyətinin yüksəldilməsi nəzərdə tutulub.

Görüşdə bir sıra aktual məsələlərə toxunulub. Xüsusilə tədris prosesində yeni innovativ metodlardan istifadəyə diqqət yetirilib. Tədrisin keyfiyyətinin artırılması məqsədilə Boloniya sisteminin tələblərinə əsasən, gələn ildən müəllimlərin tələbələr tərəfindən seçiləcəyi bildirilib.

Professorlar ADİU-da tətbiq olunan yenilikləri müsbət dəyərləndirərək təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflər irəli sürüblər.

Görüşdə bildirilib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər bundan sonra da davam etdiriləcək. Əsas məqsəd kimi professor-müəllim arasında stimullaşdırıcı proseslərin daha da artırılması və keyfiyyətli təhsilin təmin edilməsi qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində 78 professor pedaqoji fəaliyyətlə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR