“Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilib

“Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilib
# 11 iyul 2014 12:17 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı tərəfindən “Jurnalistlərin Həmkarlar İttifaqının inkişaf etdirilməsi” layihəsinin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistlərin sosial problemlərinin həllində, onların iş fəaliyyətinin yüksəlməsində, üzləşdikləri problemlərdə çıxış yolunu tapmaqda Jurnalistlərin Həmkarlar İttifaqının böyük köməyi ola bilər: "Sadaladıqlarım bu təşkilatın birbaşa səlahiyyətləridir. Azərbaycanda isə vəziyyət bir az fərqlidir. Demək olar ki, redaksiyaların çoxu Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqına qoşulmayıb. Çox cüzi hissəsi Mədəniyyət Həmkarlar İttifaqının üzvüdürlər".

Şura sədri qeyd edib ki, redaksiyalar bu təşkilata qoşulduqdan redaksiyalarda şəffaflıq yaranar, əməkhaqlarında müəyyən yüksəlişlər ola bilər: "Biz qərara almışıq ki, gələn il "Mətbuat günü"nə qədər, 1 il ərzində "Həmkarlar hərəkatı ili" elan edək. Bununla bağlı çoxsaylı tədbirlər həyata keçiriləcək. Və sonrakı mərhələdə hansı redaksiyalarda Həmkarlar Təşkilatları yoxdursa, onların Həmkarlar Təşkilatlarında birləşməsinə kömək edəcəyik".

Daha sonra çıxış edən Jurnalistlər Federasiyasının Proqramlar Departamentinin rəhbəri Adrian Kollin BJF haqqında məlumat verib.

O bildirib ki, BJF-nin 170-dən çox ölkədə bölməsi yaradılıb: "Jurnalistlər Federasiyası təkcə Avropanı deyil, bütün dünyanı əhatə edir. Baş qərargahı Brüsseldə yerləşir. Federasiyasının əsas məqsədi jurnalistlərin hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək və əmək şəraitlərinin yaxşılaşdırılmasına xidmət etməkdir. Beynəlxalq Jurnalistlər Federasiyası üzvləri olmadan fəaliyyət göstərə bilməz. Əgər BJF-yə üzv olmazsa, o zaman jurnalistlərin hüquqlarını müdafiə etmək mümkün olmaz. Eyni zamanda jurnalistlər problemlərinin həlli üçün birbaşa baş qərargaha getməli deyillər. Bunun üçün üzv olan hər ölkədə Həmkarlar İttifaqı yaradılıb".

Qeyd edək ki, layihənin ideya müəllifi Beynəlxalq Jurnalistlər Federasiyasıdır. Donor Avropa Komissiyasıdır. Azərbaycan üzrə icraçısı isə Həmkarlar İttifaqına üzv olan jurnalistlərdir. Layihə 3 il davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR