MSK partiya sədrinin müraciətini əsassız sayıb

MSK partiya sədrinin müraciətini əsassız sayıb
# 29 oktyabr 2015 14:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının iclasında 15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, deputatlığa namizəd Ramil Rüstəmov və digər namizədlərin bu dairədən deputatlığa namizəd, hazırda millət vəkili olan Ülvi Quliyevin təşviqatla bağlı qanunvericiliyi pozması barədə müraciətinə baxılıb.


APA-nın məlumatına görə, iclasda iştirak edən Ə. Əliyev Ü. Quliyevin şəklinin qanunsuz olaraq poçt şöbəsinə vurulduğunu, yalnız 15 saylı Yasamal Birinci Dairə Seçki Komissiyasının qərarından sonra fotonun yığışdırıldığını bildirib. Ə. Əliyev namizədlər üçün qapalı görüş yeri kimi nəzərdə tutulmadığı halda, 2 saylı Tibb Kollecində Ü. Quliyevin tələbə və müəllimlərlə görüş keçirdiyini də nəzərə çatdırıb. O, təşviqatla bağlı qanunvericilik pozulduğu üçün Ü. Quliyevin namizədliyinin ləğv olunmasını tələb edib.


MSK sədri Məzahir Pənahov qəzetlərdə müxtəlif, əsasən də müxalifyönlü namizədlərin təşviqatı pozması hallarına rast gəldiklərini söyləyib: “Sosial şəbəkələrdə də belə hallara rast gəlinir. Ancaq biz namizədlərin seçkilərdə iştirakına çalışırıq”.

MSK katibi Arifə Muxtarova 2 saylı Tibb Kollecində görüşün keçirilməsinin təsdiqini tapmadığını, poçt şöbəsindən DSK-nın qərarı ilə namizədin şəklinin götürüldüyünü nəzərə çatdırıb. A. Muxtarova buna görə də Ə. Əliyev və digər deputatlığa namizədlərin Ü. Quliyevin namizədliyinin ləğv edilməsi barədə müraciətini əsassız sayıb. MSK məsələni səsverməyə çıxarıb və müraciət qəbul edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR