Azərbaycanla Braziliya arasında aqrar sektorda əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Braziliya arasında aqrar sektorda əməkdaşlıq müzakirə edilib
# 17 dekabr 2012 15:29 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanla Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları bu gün kənd təsərrüfatı naziri İsmət Abasovun Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Serjio Arruda ilə görüşündə müzakirə edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanda kənd təsərrüfatının inkişafı və dövlətin bu sahədəki siyasəti barədə məlumat verən nazir bildirib ki, coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycan və Braziliya arasında artıq dostluq və əməkdaşlıq münasibətləri və iki ölkə arasında bir çox sahələrdə anlaşma və səmərəli əməkdaşlıq üçün zəmin yaranıb. Hər iki ölkənin iqtisadi tərəqqisində neft-qaz sənayesinin böyük rola malik olmasına baxmayaraq, qeyri-neft sektorunda, xüsusilə də kənd təsərrüfatı sahəsində hər iki ölkə böyük ənənəyə malikdir.

İ.Abasov Azərbaycanın zəngin mədəni və tarixi irsə, güclü iqtisadi potensiala və inkişaf tempinə malik olan Braziliya ilə bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini nəzərə çatdırıb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin hüquqi bazasının yaradılması məqsədilə “Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının sürətləndirilməsi məsələsi müzakirə olunub.

Nazir Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində FAO təcrübəsinin ölkənin digər rayonlarında da Braziliyanın iştirakı ilə tətbiqini məqsədəuyğun hesab edib. O, Azərbaycanla Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün bəzi təkliflər irəli sürüb.

Görüşdə iki ölkə arasında heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı mübarizənin Ümumdünya Sağlamlıq Təşkilatının (OİE) tələblərinə uyğun təşkil olunması məqsədəuyğun hesab edilib. Səfir Serjio Arruda fəaliyyəti dövründə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün öz səylərini əsirgəməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR