Azərbaycanda müəllimlər üçün treninqlərin keçirilməsinə dövlət strukturları da cəlb ediləcək

Azərbaycanda müəllimlər üçün treninqlərin keçirilməsinə dövlət strukturları da cəlb ediləcək
# 17 noyabr 2012 09:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda müəllimlər üçün treninqlərin keçirilməsinə dövlət strukturları da cəlb edilə biləcək.

APA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov “2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri”nə həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, bu iş də mütləq tender yolu ilə keçiriləcək: “Dövlət strukturları yalnız 2014-cü ildən bu treninqlərdə iştirak edə biləcək”.

Nazir müəllimlər üçün fənn kurrikulumları üzrə keçirilən təlimlərin təşkili ilə bağlı ortaya çıxan çatışmazlıqları da sadalayıb: “Təlim materiallarında müəllimlərin çoxu nəzəri biliklər əldə edirlər. Təlim materialları yalnız Azərbaycan dilində hazırlanır. Bu isə rus bölməsi üzrə dərs deyən müəllimlər üçün çətinliklər yaradır. Rayonların bəzilərində təlim mərkəzləri düzgün seçilmir. Təlim avadanlıqları köhnə və 20-25 nəfərin işləyə biləcəyi otaqda yerləşdirilir”.

Təhsil naziri əlavə edib ki, onlar təlim kurslarının ancaq yay aylarında keçirməyə məcburdurlar. Təlim keçirilən yerlərdə kondisionerin olmaması isə iştirakçılar üçün ciddi çətinliklər yaradır. O, gələcəkdə sadalanan bütün bu amillərin nəzərə alınmasını da vacib hesab edib: “Hazırda təlim kursları Dünya Bankının layihəsi çərçivəsində aparılır. Layihənin şərtlərinə uyğun olaraq da bu işə yalnız qeyri-hökumət təşkilatları cəlb edilir. Bu layihə gələn il başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR