Brüsseldə Avropa Birliyi - Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası keçirilib

Brüsseldə Avropa Birliyi - Azərbaycan Əməkdaşlıq Komitəsinin növbəti iclası keçirilib
# 27 noyabr 2012 15:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Noyabrın 22-23-də Belçikada Avropa Birliyi - Azərbaycan Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasa Azərbaycan tərəfdən nazir müavini Mahmud Məmmədquliyev, AB tərəfindən isə Xarici Fəaliyyət Xidmətinin Rusiya, “Şərq Tərəfdaşlığı”, Mərkəzi Asiya, ATƏT və regional əməkdaşlıq üzrə direktoru Qunnar Viqand həmsədrlik edib.

İclasda Azərbaycanla AB arasında münasibətlərin bütün aspektləri, gələcək əməkdaşlıq imkanları və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparılıb, Avropa Qonşuluq Siyasəti və “Şərq Tərəfdaşlığı” formatında aparılmış fəaliyyət və gələcəkdə görüləcək işlər müzakirə olunub.

Tərəflər AB ilə Azərbaycan arasında assosiasiya, eləcə da readmissiya və viza sadələşdirilməsi sazişləri üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri vurğulayıb və bu müzakirələrin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda enerji və nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. AB nümayəndələri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında, eləcə də Cənub qaz dəhlizi layihəsinin reallaşdırılmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğunu xüsusi vurğulayıb və bu xüsusda TANAP layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbir çərçivəsində genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle ilə görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti, korrupsiyaya qarşı mübarizə, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində hökumət tərəfindən atılan addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Avropa Komissiyasının Ticarət Siyasəti üzrə Baş Direktorluğunun direktor müavini Peter Balaş ilə görüşdə AB ilə Azərbaycan arasında ticarət dialoqunun gücləndirilməsi, iqtisadi münasibətlərin bundan sonra daha sürətlə inkişaf etdirilməsinin perspektivləri, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi ilə bağlı məsələlər müzakirə olunub.

Belçika Xarici İşlər Nazirliyinin baş katibi Dirk Axten ilə keçirilən görüşdə iki ölkə arasında ticarət və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb və əməkdaşlıq dialoqunun yeni səviyyəyə qaldırılması zərurəti qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR