Azərbaycan yeni ünvan sisteminə keçir - FOTO

Azərbaycan yeni ünvan sisteminə keçir   - <span style="color: red;">FOTO
# 12 noyabr 2012 15:01 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan prezidenti Ilham Əliyevin 2012-ci il 10 fevral tarixli fərmanına uyğun olaraq, Dövlət Komitəsi ölkədə mövcud olan ünvan sistemini hərtərəfli təhlil edib, xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənib. Aparılan işlərin nəticəsi olaraq Azərbaycanda Avropa ölkələrinin təcrübəsi də nəzərə alınmaqla ünvanvermə qaydalarında yeni yanaşmaların tətbiqi məqsədəuyğun sayılıb.

Yeni qaydalar Avropa Şurasının Avropada Ünvan Məlumatları İnfrastrukturu və Avropa Məkan Məlumatları İnfrastrukturuna dair tövsiyə və direktivlərinə əsaslanır ki, əksər ölkələr bu sistemə yeni keçməkdədir.

ƏMDK və Norveç Kadastr Təşkilatı tərəfindən Norveç hökumətinin ayırdığı qrant hesabına Yeni Ünvan Reyestri İnformasiya Sisteminin Texniki Spesifikasiyalarını hazırlamaq üçün beynəlxalq məsləhətçi cəlb edilib, sistemin texniki əsaslandırılması və standart tələbləri hazırlanıb. Sistemin hazırlanması üçün keçirilən tenderdə isə Cənubi Koreyanın «SK C&C» şirkəti qalib gəlib. Artıq sistemin hazırlanması işləri başa çatdırılır və 2013-cü ildən istifadəyə veriləcək.

Artıq ƏMDK yeni ünvanvermə qaydalarının qüvvəyə minməsinə hazırlıq işlərinə başlayıb. Qeyd edək ki, şəhər və rayonlarda ünvan sahəsindəki problemlərin bir hissəsi küçə və prospektlərin adsız olması və ya əvvəlki dövrlərdə verilmiş küçə və prospekt adların dövrün tələblərinə uyğunlaşmaması ilə bağlıdır. Bu məqsədlə xüsusi işçi qrupları yaradılıb, onlara yeni ünvanvermə qaydaları ilə bağlı nəzəri və praktiki biliklərə dair təlimlər keçirilib.

Artıq ƏMDK küçə və prospektlərə vurulacaq ünvan lövhələrinin dizaynını hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Yeni dizaynda şəhərlərin memarlıq üslubu və ənənələri, eləcə də müasir tələblər nəzərə alınıb. Həmin nümunələr təsdiq edildikdən sonra lövhələrin yaxın zamanlarda Cənubi Koreyada istehsalına və respublikaya gətirilməsinə başlanılacaq. «Cənubi Koreyada istehsal ediləcək ünvan lövhələri keyfiyyətinə və davamlılığına görə Avropa ölkələrindəki ünvan nişanlarından geri qalmayacaq, bəzi xüsusiyyətlərinə görə isə onları da üstələyəcək», - deyə Komitənin məlumatında bildirilir.

İlkin mərhələdə Bakı şəhərinin 80-ə yaxın küçə və prospektlərində binalara, onların girişlərinə yeni qaydalara uyğun ünvan adları və nömrələrinin verilməsi başa çatdırılıb. «Yeni ünvanvermə işləri, müasir dizaynlı ünvan lövhələrinin istehsalı və quraşdırılması dövlət orqanlarının, o cümlədən qeydiyyat, təcili yardım, poçt, yanğından mühafizə, tikinti və şəhərsalma, nəqliyyat və digər bu kimi fəaliyyət sahələrində qərar qəbulunun və işlərin asanlaşdırılmasına gətirib çıxaracaq», - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR