Hikmət Babaoğlu: “Onlar dindar deyil, din pərdəsi altında gizlənmiş radikal ekstremist dəstədir”

Hikmət Babaoğlu: “Onlar dindar deyil, din pərdəsi altında gizlənmiş radikal ekstremist dəstədir”
# 06 noyabr 2015 18:04 (UTC +04:00)

Bakı-APA. "Sabunçu rayon polis idarəsinə hücum edənlər dindarlar deyil, din pərdəsi altında gizlənmiş radikal ekstremist dəstədir. Onların məqsədi Azərbaycanda teokratik rejim formalaşdırmaq və beynəlxalq terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir”. Bu sözləri APA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib. H.Babaoğlu bildirib ki, hazırda müsəlman şərqində baş verən hadisələr islam dininə və mədəniyyətinə qarşı yönəlib və onun həqiqi islamla heç bir əlaqəsi yoxdur. “İmperialist mərkəzlər tərəfindən yaradılan və idarə olunan beynəlxalq terror şəbəkəsinin məqsədi islam dinini gözdən salmaq, müsəlman şərqində milli dövlətlərin mövcudluğuna son qoymaqdır. İdarə olunan xaos siyasəti əsasında törədilən bu hadisələrdə məqsəd islam dünyasının yeraltı və yerüstü sərvətlərini istismar etməkdir. Hazırda radikal ekstremist qruplaşmalar islama qarşı terrorun coğrafiyasını genişləndirərək bütün müsəlman ölkələrinə yaymaq istəyirlər”.

Hikmət Babaoğlunun sözlərinə görə, Sabunçu rayonunda baş verən hadisələri bu kontekstdə qiymətləndirmək lazımdır: “Sabunçu polis idarəsinin qarşısında təxribat törədənlərdə radikal ekstremist qruplaşmalarla sıx əlaqədə olan və onların direktivləri ilə hərəkət edən dəstənin üzvləridir. Öz-özlüyündə onlar da İŞİD-in başqa bir formasıdır. Ancaq onların niyyəti Azərbaycanda baş tutmayacaq. Birincisi ona görə ki, ölkəmizdə funksional dövlət aparatı var və hüquq mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. İkincisi ona görə ki, Azərbaycanda islamı obyektiv əsaslarda dərk edən intellektual cəmiyyət və savadlı dindarlar var. Bu iki faktor ölkəmizi beynəlxalq terror şəbəkəsinin poliqonuna çevrilməsinə imkan verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR