RYTN: “Facebook”da yayılan spam mesajlara nəzarət etmək mümkün deyil

 RYTN: “Facebook”da yayılan spam mesajlara nəzarət etmək mümkün deyil
# 20 noyabr 2015 12:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dünən axşam saatlarında “Facebook”un Azərbaycandakı istifadəçiləri arasında yayılan spam mesajlar artıq bu gün kütləvi hal alıb.

APA-Economics” xəbər verir ki, istifadəçilərin xəbəri olmadan onların adlarından göndərilən spam mesajlar artıq narahatlıq yaratmağa başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçiliyin inkişafı şöbəsinin əməkdaşı Elgün Vəliyevin verdiyi məlumata görə, bu tipli mesajların yayılmasının qarşısını ancaq “Facebook” şirkəti ala bilər.

“Yayılmış virusla bağlı “Facebook” şirkətinin özü məsuliyyət daşıyır. Bildiyimiz kimi, şirkətin bütün server avadanlıqları, informasiya sistemləri ehtiyatları ABŞ-da yerləşir. Məhz buna görə də bu viruslara nəzarət etmək mümkün deyil. Bununla bağlı təhlükəsizlik tədbirlərini “Facebook”un özü həyata keçirməlidir”, - deyə E.Vəliyev bildirib.

Elektron Təhlükəsizlik Mərkəzindən isə məsələ ilə bağlı araşdırma aparıldığı və yaxın saatlarda ictimaiyyətə açıqlama veriləcəyi bildirilib: “Bu virus deyil, spam mesajdır. Bu spam mesajlar əvvəllər də olub. Sadəcə bu qədər diqqət çəkməyib. Bu qədər diqqət çəkməsinə səbəb isə mesaja daha çox adamın toplanması və spamın daha çox istifadəçiyə göndərilməsidir”.

Mərkəzdən bildiriblər ki, adətən belə mesajlar əvvəllər insanların profillərində nəyisə paylaşmaqla yayılırdı, bu dəfə isə mesaj kimi yayılıb: “Bunun da səbəbi insanlar özləridir”.

Mərkəz məsləhət görüb ki, sosial şəbəkə istifadəçiləri tanımadıqları linklərə daxil olmasınlar, şablon şəklində gələn mesajları açmasınlar: “Kliklənən hər linkdə istifadəçilər hər hansı sayta yönləndirilir və oradan hər hansı oyun endirilir. Bu oyuna iki dəfə klik etmək kifayətdir ki, istifadəçinin istifadə etdiyi kompüterə xüsusi cihazlar quraşdırılsın. Bununla da yenidən həmin “browser” açıldıqda istifadəçinin adından paylaşımlar getməyə başlayır”.

Qeyd edək ki, bu spam virusdan xilas olmağın çıxış yolunu izah olunmasa da, gələcəkdə belə hallarla qarşılaşmamaq üçün Elektron Təhlükəsizlik Mərkəzinin saytında məlumat yerləşdiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR