Azərbaycandakı baytarlıq apteklərində monitorinqlərə başlanılıb, 25-ə yaxın obyektin fəaliyyəti dayandırılıb

Azərbaycandakı baytarlıq apteklərində monitorinqlərə başlanılıb, 25-ə yaxın obyektin fəaliyyəti dayandırılıb
# 16 aprel 2015 07:02 (UTC +04:00)

Bakı - APA-Economics. Kənd Təsərrüfatı Nazirliyi aprelin 13-dən başlayaraq respublikanın bir sıra rayonlarında, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən baytarlıq apteklərində monitorinqlərə başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, monitorinqin keçirilməsində əsas məqsəd xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətini müvəqqəti dayandırmaq, apteklərdə qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin satışının qarşısının alınmasıdır.

Aprelin 15-nə kimi nazirliyin əməkdaşlarının iştirakı ilə aparılan monitorinq zamanı Ağcabədi rayonunda 13, Kürdəmir rayonunda 4, Bakı şəhərində isə 6 lisenziyasız fəaliyyət göstərən baytarlıq apteki aşkar edilib. Eləcə də bir sıra baytarlıq apteklərində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatları, yem və yem əlavələrinin satışının aparıldığı müəyyən edilib.

Lisenziyasız fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyəti müvəqqəti dayandırılıb. Qeyri-qanunu satışı aparılan dərman preparatları qanunvericiliyə uyğun olaraq akt əsasında zərərsizləşdirmək məqsədi ilə müsadirə olunub.

Monitorinqlərin mütəmadi aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR