Azərbaycanda hərbi liseylərdə uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər

Azərbaycanda hərbi liseylərdə uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər
# 05 avqust 2015 22:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsinin və Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey Müdafiə Nazirliyinin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisələridir.

Liseylərin əsas məqsədi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq üçün namizədləri hazırlamaqdan ibarətdir. Liseylərdə təhsil pulsuzdur, bu təhsil müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Liseylərin strukturuna komandanlıq, şöbələr, kursant bölmələri və digər bölmələr daxil edilir. Təhsil müddəti 3 ildir və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir. Siniflər (taqımlar) kursantların sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Lisey üzrə bir sinifdə şagird sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir. Liseydə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə (taqımlarda) kursantların sayı 30 nəfərdən çox olmamalıdır. Liseylərdə təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun hazırlanmış müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul edilirlər. Liseylərə qəbul planı müdafiə naziri tərəfindən müəyyən olunur. Dövlətlər arasında bağlanılmış müqavilə sənədlərinə uyğun olaraq, xarici ölkələrin tam orta hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə liseylərin kursantları öz istəkləri və valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həmin ölkəyə ezam oluna bilərlər.

Kursantlar valideynlərin və ya digər qanuni nümayəndələrin və kursantların öz arzusu ilə, səhhətinə (hərbi-həkim komissiyasının qərarına əsasən), təhsildə müvəffəqiyyətsizliyinə, bir təlim-tədris ilində dərslərin və ya toplanışların müddətinin ayrı-ayrılıqda 30 faizdən çoxunda hər hansı səbəbdən iştirak etmədiyinə, intizamsızlığına və qanunla hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə liseylərdən xaric edilirlər. Liseylərdən hər hansı bir səbəbdən xaric edilən kursantların Liseyə qəbulu və bərpası qadağandır. İntizamsızlığa görə liseylərdən xaric edilmiş kursantlar bir daha Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmurlar. Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə müvəffəqiyyətsizliyinə və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, liseylərdən də eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların liseylərdə təhsil almaları məsələsinə Pedaqoji Şurada və ya Ali İntizam Şurasında baxılır. Liseylərdə kursantların təşkilatlanmasını, onlarda icraçılıq, təşkilatçılıq və ilkin idarəetmə bacarıqlarının formalaşmasını təmin etmək məqsədi ilə birliklər, eləcə də qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər ictimai təşkilatlarının orqanları yaradıla bilər.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Liseylərin rəisləri liseylərə dövlət qulluqçusu olmayan mülki şəxsləri Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edir, müdafiə nazirinin müəyyən etdiyi qaydada və hədlərdə maliyyə-təsərrüfat fəaliyyətini təşkil edir. Liseylərin maliyyələşdirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada hər il üçün təsdiq olunan dövlət büdcəsində Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Liseylərin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR