Bakıda Sənaye Konfransı keçiriləcək

Bakıda Sənaye Konfransı keçiriləcək
# 18 noyabr 2014 15:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın ticarət, sənaye və mədən nazirinin müavini Cəfər Sərqini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycan-İran əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi önəmini vurğulayıb. İranın prezidenti Həsən Ruhaninin bu yaxınlarda ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlərin keçirildiyini, Azərbaycan-İran biznes forumunun təşkil olunduğunu, müxtəlif sənədlərin imzalandığını qeyd edən Ş. Mustafayev səfərin ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır.

O bildirib ki, ümumilikdə Azərbaycan və İran prezidentləri 2014-cü ildə dörd dəfə görüşüblər: “Bu, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə verilən önəmin göstəricisidir. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır və hazırda ölkələrimiz arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir. Bununla belə, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur”.

Görüşdə Ş. Mustafayev ölkə sənayesinə, bu sahənin inkişaf perspektivlərinə, eləcə də noyabrın 26-27-də Bakıda keçiriləcək Sənaye Konfransına dair məlumat verib.

C. Sərqi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. C. Sərqi təmsil etdiyi nazirliyin fəaliyyətinə, İranın mədən, sənaye sahəsində gördüyü işlərə dair məlumat verib, Bakıda keçiriləcək Sənaye Konfransında İran tərəfinin də iştirak edəcəyini diqqətə çatdırıb.

Azərbaycan və İranın sənaye potensialına, bu sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR