İrakli Qaribaşvili: "Gürcüstanda yaşayan müsəlmanlar ölkəmizin ayrılmaz hissəsisdir"

İrakli Qaribaşvili: "Gürcüstanda yaşayan müsəlmanlar ölkəmizin ayrılmaz hissəsisdir"
# 17 iyul 2015 17:48 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən iftar məclisində müsəlmanların Ramazan Bayramını təbrik edərkən bildirib.

"Tarix boyu xristianlar və müsəlmanlar birgə sülh şəraitində öz tolerantlığı ilə seçilən ölkəmizdə yaşayıblar. Bizim bir vətənimiz var. Ona görə də biz bir-birimizdən ayrı mövcud ola bilmərik, çünki həyatımız bir-birinə bağlıdır. Qloballaşma dövründə Gürcüstanda yaşayan müsəlman vətəndaşlar eyni zamanda İslam dünyası ilə əlaqə yaradan vasitədirlər. Bizim fərqli dinimiz olsa da çoxdinli və çoxmillətlilik baxımından zəngin dövlətimiz var. İnsanlar ölkədə din və vicdan azadlığına söykənərək bərabər qarşılıqlı sayqı və hörmətlə və biri-birinin dini inancına dözümlülük göstərərək birgə yaşayırlar”.

İftar axşamında Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan bayramı münasibətilə müsəlmanlara göstərilən diqqət və sayqıya görə baş nazirə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə müsəlmanlar ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əmin-amanlıq arzulayıblar. Gürcüstanda yaşayan müsəlmanlar Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərək, tutulan orucların, dua və ibadətlərin qəbul olmasını diləyiblər.

Tədbirdə müsəlman ölkələrin Gürcüstandakı səfirlikərin nümayəndələri, din və ictimaiyyət xadimləri iştirak ediblər. Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR